Rusiya Federal Məclisinin Federasiya Şurasının rəsmi orqanı olan “Parlamentskaya qazeta”da və bu qurumun nüfuzlu “Rusiya Federasiyası bu gün” dərgisinin I Avrasiya Qadınlar Forumuna həsr olunmuş xüsusi buraxılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc olunub.
Yenicag.az xəbər verir ki, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun rəhbərlik etdiyi “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin Rusiya nümayəndəliyinin rəhbəri Aleksand Karavayevin müəllifi olduğu məqalədə M. Əliyevanın ölkənin ictimai-siyasi, sosial-humanitar və mədəni həyatında oynadığı əvəzsiz roldan geniş söz açılıb. “Mehriban Əliyevanın ürəyinin siyasəti” adlanan məqalədə müəllif birinci xanımın şəxsiyyətinə bir neçə aspektən yanaşıb. Qeyd olunub ki, M.Əliyevanın təklif və təşəbbüsləri Azərbaycanda humanitar və mədəni modernləşmənin hərəkətverici faktorudur.
M.Əliyevanın Azərbaycana taleyin bəxşişi olduğunu və onun dünyaca məşhur lider qadınlar sırasında yer alacağına şübhə etmədiyini qeyd edən müəllif Heydər Əliyev Fondunun fəaliyyətinə də toxunub. Qeyd olunub ki, Fondun səhiyyə, elm, təhsil, informasiya toxnologiyaları və ətraf mühitin mühafizəsi sahələri üzrə həyata keçirdiyi layihələr dövlətin bu istiqamətlərdəki fəaliyyətinə xüsusi dəstək rolunu oynayır.
Məqalədə M. Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyəti yüksək qiymətləndirilib , onun aktivliyi, ardıcıllığı, xüsusi avtoritetə və xarizmaya malik olması faktı diqqət mərkəzinə gətirilib. Müəllif Bakıda keçirilmiş Birinci Avropa Oyunlarını xatırladaraq bu irimiqyaslı idman tədbirinin yüksək səviyyədə təşkil olunması üçün M.Əliyevanın Təşkilat Komitəsinin sədri kimi misilsiz əmək sərf etdiyini də vurğulayıb.
“Ekonomiks”in Rusiya nümayəndəsi Azərbaycan xalqının M.Əliyevaya isti və doğma münasibətindən də söz açıb: “Tanınmış şəxs” – pop-ulduzlara, aktyorlara və siyasətçilərə xas olan kifayət qədər yayılmış fenomendir. Şərti reytinqlərdə mövqe mübarizəsi aparmaq indi heç kəsi təəccübləndirmir. Artıq hər kəs bunun şişirdilmiş oyun olduğunu anlayır. Əsas məsələ ümumxalq sevgisidir ki, bu, tamam başqa materiadır və ani konyukturadan uzaqdır. Sadə azərbaycanlılar Mehriban xanımı niyə bu qədər sevirlər? Çünki o, xalqdan uzaqda dayanmır, müraciətlərə reaksiya verir və köməklik göstərir. Ona yazırlar və bilirlər ki, birinci xanım öz dəstəyini və məsləhətlərini əsirgəməyəcək…”
Məqalədə Azərbaycanın sivilizasiyalararası körpü rolunu oynamasından da bəhs olunub. Müəllif hazırda Yaxın Şərqdə – tarixən mədəniyyətlərin və sivilizasiyaların kəsişdiyi nöqtələrdəki müharibələrdən söz açaraq Azərbaycanın tamam başqa nümunələr göstərdiyini də xüsusi xətt kimi önə çəkib: “Azərbaycan göstərir ki, müxtəlif sivilizasiya və mədəniyyət platformaları arasındakı sərhəddə sülh və əminamanlıq ola bilər”.
Məqalədə Azərbaycan prezidenti cənab İlham Əliyevin lider keyfiyyərlərini sadalayan müəllif onun prinsipial siyasi xəttinin ölkəyə verdiyi tövhələrdən də söz salaraq qeyd edib ki, Azərbaycanın, onun demokratiya modelinin hazırkı inkişaf mərhələsində M.Əliyevanın üzərinə düşən rol, ümumiləşmiş anlayışdakı prezident xanımının rolundan daha böyükdür.
“O, hakimiyyətlə cəmiyyət arasındakı birbaşa əlaqə xəttini daha da inkişaf etdirir” – deyə, müəllif vurğulayıb.
A.Karavayev Azərbaycanın birinci xanımının üstünlükləri və onun şəxsi keyfiyyətləri barədə qeydlərini Mehriban Əliyeva fenomenini ərsəyə gətirən digər amillərlə də əhatələndirib. Onlardan biri də Azərbaycanın iki böyük və nüfuzlu ailəsinin birləşməsi faktıdır. Görkəmli yazıçı Mircəlal Paşayevi, Azərbaycan Elmlər Akademiyasının Şərqsünaslıq İnstitutuna rəhbərlik etmiş görkəmli alim Aida İmanquliyevanı xatırladan müəllif, M.Əliyevanın kimin gəlini olduğunu da xüsusi təqdimatla qələmə alıb: “O, Heydər Əliyevdir – Müasir Azərbaycanın banisi. Bu fakt bizə çox şeyi deyir”.
Sonda müəllif öz yekun qənaətini belə ifadə edib: “Əgər siz Azərbaycanı anlamaq, onu hiss etmək istəyirsinizsə, o zaman Mehriban Əliyeva faktorundan yan keçmək mümkü deyil. Tam cəsarətlə idda etmək olar ki, o, Azərbaycan tarixində əbədi qalacaq”.
Məqalənin orijinalı ilə tanış olmaq üçün bu keçidlərdən istifadə edə bilərsiniz:
https://www.pnp.ru/news/detail/98609
http://www.russia-today.ru/article.php?i=1609
www.yenicag.az