Bu gün Rusiyada təşkil olunan dünya çempionatında keçiriləcək Belçika – Fransa matçından sonra ilk finalçının adı bəlli olacaq.
Yenicag.az-a müsahibə verən AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov mundialla bağlı suallarımızı cavablandırıb.
Təcrübəli mütəxəssis yarımfinallarla bağlı proqnoz verməkdə çətinlik çəkdiyini bildirib:
“Bu ilki dünya çempionatı ən güclü mudiallardan biridir. Hazırlıq, təşkilatçılıq, komandaların gücü, gərginlik yüksək səviyyədədir. Fransa-Belçika matçına gəldikdə isə, bu komandalar yer aldıqları qruplarda lider kimi çıxış ediblər. Bir daha sübut etdilər ki, yüksək nəticəyə layiqdirlər. Bu, İngiltərə – Xorvatiya matçından da güclü oyun olmalıdır. Belçika millisinə çox fikir vermişəm. Futbolçuların əksəriyyəti İngiltərə çempionatında oynayır. Fransada isə Zidan kimi futbolçu olmaya-olmaya, hər xətdə liderləri var. Düzü, hansı komandanın finala çıxacağını demək çox çətindir. Amma istənilən halda ikisi də finala layiqdir. Hər şey məşqçilərin işindən asılıdır”.
– Xorvatiya-İngiltərə matçı barədə nə düşünürsünüz? Sizcə, Robert Prosineçkinin ölkəsinin millisi ingilisləri üstələyə biləcək?
– Xorvatiya ilə Rusiyanın oyununa baxdım. Xorvatlar yorulmaq bilmir. Rusiyanın təzyiqi qarşısında tab gətirdilər. Belə oyunların taleyini lider futbolçular həll edir. Bu oyun barədə də proqnoz vermək çətindir. İngilislər son oyunlarda 3 müdafiəçi ilə oynayırdı. Bu da mənim üçün qəribə sistemdir. Yəqin, baş məşqçinin taktiki gedişidir.
– Almaniya, Braziliya, Argentina kimi nəhənglər mundialı erkən başa vurdular. Sizcə, uğursuzluğun əsas səbəbi nə oldu?
– Fikrimcə, Yoahim Löv dahi məşqçidir. Bunun söhbəti yox. Bəzən məşqçiyə heyfim gəlir. Çünki bir mövqeyə dörd futbolçusu var. Gərək seçim edəndə də aldanmayasan. Almanlar da aldandılar. Leroy Sanenin millimizə qarşı oyununu izləmişdim. Onda 20 yaşı var idi. Çox gözəl çıxış edirdi, hazırda da “Mançester Siti”də liderdir. Löv isə köhnə qvardiyaya inandı. Köhnə qvardiya da ümidləri doğrultmadı. Argentina isə Lionel Messinin gücünə güvəndi. Messinin özü isə buna hazır deyildi.
– Ümumiyyətlə, komanda oyununun bir futbolçu üzərində qurulması nə dərəcədə doğrudur?
– Mən bunu səhv addım hesab edirəm. Oyun komanda şəklində olmalıdır. Liderlər də komandaya uyğun çıxış etməlidirlər. Rəqiblər Messiyə göz açmağa imkan vermədi. Top onda olan kimi üç futbolçu başının üstünü kəsdirirdi. Amma istənilən halda Messi ustadır. Mənim üçün böyük ustadır. Elə təkcə Nigeriyaya vurduğu qol nəyə desən dəyərdi. Portuqaliya isə öz oyununu oynadı. Nəyi var idi, meydanda da qoydu. Portuqaliyada həmişə lider futbolçular olub. Amma indi həmin futbolçular yetişmir. Ümumiyyətlə, Avropada istedadlar yoxdur. Bu baxımdan qıtlıqdır.
– Ən çox diqqət çəkən futbolçulardan biri də Neymar oldu. Düzdü, qollar vursa da, daha çox simulyasiya etməyi ilə diqqət çəkdi. Statistikaya əsasən cari mundialda azı 14 dəqiqə yerdə qalıb…
– “Xəzər Lənkəran”da da braziliyalı futbolçularla işləmişəm. Onlara yaxşı bələdəm. Onlar həyatda da istəklidirlər. Oynayırlar, oxuyurlar, sakit dayana bilmirlər. Bu, onların qanında var. Düzdü, Neymar istedadlı futbolçudur, amma istedadını yerə yıxılmaqla öldürür.
– Cari dünya çempionatında sürpriz nəticələr qeydə alındı. Sizcə, Azərbaycan millisi bu mundialda çıxış etsəydi, aqibətimiz necə olardı?
– Bizim üçün çox ağır olardı. İnşallah, nə vaxtsa biz də mundialda iştirak edərik. Dünya çempionatında iştirak etmək o demək deyil ki, 3 oyun böyük hesabla uduzub çıxıb evə gedəsən. Futbolçular, oyun yüksək səviyyədə olmalıdır.
– Oyunlarda tətbiq olunan videotəkrar (VAR) sistemi ilə də bağlı fikrinizi bilmək maraqlı olardı…
– Düzdü, heç kimə qarşı ədalətsizlik olmur. Amma qulaqcıqla hakimə dərhal məlumat versələr, daha yaxşı olar. Yoxsa hakim gedib neçə dəqiqə videotəkrara baxır. Bir az bu işi tezləşdirmək lazımdır. Əsas odur ki, futbolda inam itməsin. Düzdü, hakim də insandı, səhv edə bilər. Amma məncə, VAR-ı bir az da təkmilləşdirmək lazımdır.
– Azərbaycan Premyer Liqasında da çox kobud hakim səhvləri olur. Sizcə, bizim çempionatda VAR-a ehtiyac var?
– Biz hələ o səviyyəyə çatmamışıq. Hələ stadionlarımız hazır deyil. Biz hələ sadə işləri görüb qurtaraq, sonra VAR-a keçərik.
Emin Səfərov
www.yenicag.az