Metrodakı işlər gələn il başa çatacaq
Metropolitenin “Gənclik” və “N.Nərimanov” stansiyalarında təmir işlərinə başlanılıb.
Məlumata görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, təmir işləri qabaqcadan nəzərdə tutulan plan üzrə həyata keçirilir: “Metro keçidlərində ticarət köşkləri yığışdırıldıqdan sonra divarlarda və döşəmədə daşların yararsız vəziyyətə düşdüyü məlum oldu. Buna görə də təmir işlərinə ehtiyac yarandı. Artıq bir neçə gündür metronun “Gənclik” və “N.Nərimanov” stansiyalarında bu işlərə başlanılıb. Cari təmir işləri həm keçidlərdə, həm də vestibüllərdə aparılır, yararsız divar üzlükləri və döşəmədəki daşlar dəyişdirilir, kommunikasiya xətləri yenilənir. Təmir işləri yaxın bir neçə ayda yekunlaşacaq. Bundan sonra “İnşaatçılar” stansiyasında yenidənqurma işləri həyata keçiriləcək. Ümumiyyətlə, bu işlər gələn il Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarınadək başa çatdırılacaq.
N.Paşayev, həmçinin bildirib ki, oktyabrın 20-dən metronun “20 Yanvar” stansiyasında eskalator da təmirə dayandırılıb və bu ayın ikinci yarısında işə salınacaq. (azertag.az)