Mikayıl Cabbarov AYİB toplantısının sessiyalarında iştirak etdi

media-hightechnic-468x90

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısında iştirak məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bankın Müdirlər Şurasının açılış və plenar sessiyalarında iştirak edib. Səfər çərçivəsində iqtisadiyyat naziri “Oliver Wyman Group” şirkətinin sənaye üzrə qlobal rəhbəri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bankın Müdirlər Şurasının açılış sessiyasında qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr və potensial imkanlar müzakirə olunub.

AYİB-nin illik toplantısı çərçivəsində, həmçinin Bankın Müdirlər Şurasının Plenar Sessiyası keçirilib. Sessiya zamanı AYİB-nin əməkdaşlıq etdiyi ölkələrə davamlı dəstəyi vurğulanıb. Qeyd olunub ki, ötən il AYİB üçün böyük investisiyalar və layihələrlə yadda qalıb ki, bu da Bankın beynəlxalq maliyyə sferasında artan təsirini nümayiş etdirir. AYİB ilə dövlət-özəl tərəfdaşlığının inkişafı, kiçik və orta müəssisələrə dəstəyin genişləndirilməsi kimi istiqamətlər üzrə əməkdaşlıq xüsusilə önəmlidir. Bununla yanaşı, Bankın qlobal iqtisadi artımın və yaşıl keçidin sürətlənməsinə təkan verən investisiyaları mühüm əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, Azərbaycan qlobal çağırışların həlli və yaşıl keçid prosesini inkişaf etdirmək məqsədlərinə sadiqdir. Ölkəmiz COP29-a ev sahibliyi etməklə qlobal liderlik nümayiş etdirib və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsini üç dəfə artırmaqla əlamətdar razılaşma əldə olunub. Bu razılaşma həmin ölkələr üçün iqlim maliyyəsinə görə 2035-ci ilə qədər hər il 300 milyard dollarlıq vəsaiti nəzərdə tutur.

Tədbirdə ölkəmizin beynəlxalq enerji və ticarət platformasında strateji rolu, təşəbbüsləri və bu sahələrdə əməkdaşlıq imkanları haqqında məlumat verilib.

Mikayıl Cabbarov “Oliver Wyman Group” şirkətinin sənaye üzrə qlobal rəhbəri Ted Moynihanla görüşüb. Görüşdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər biznes mühitində mövcud çağırışlar fonunda ölkə iqtisadiyyatında əlavə dəyərin və ixracın artırılması, investisiyaların cəlbi istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600