“Bu məsələni araşdıraraq, işıq pullarının niyə bu qədər çoxaldığını müəyyənləşdirmək mümkündür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Azərişıq”ın ötən ay sərf edilmiş elektrik enerjisinə görə abonentlərə göndərilən borc qəbzlərində ödəniləcək məbləğin şişirdildiyinə dair iddialara münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.
Fazil Mustafanın sözlərinə görə, abonentlərə real enerji sərfiyyatının dəyərindən xeyli artıq borc yazılması vətəndaşlara qarşı soyğunçuluğun bir formasıdır:
“Son günlər vətəndaşların bununla bağlı şikayətlərinin artdığını görürük. Çox sayda insan iddia edir ki,onlara göndərilmiş işıq puluna görə ediləcək ödənişin məbləği xeyli şişirdilib.
Eyni zamanda, mənim özümə göndərilmiş qəbzdə göstərilmiş məbləğ də əvvəlki ayla müqayisədə kifayət qədər çoxdur. Baxmayaraq ki, bizdə elektrik enerjisi sərfiyyatı sabit olub.
Abonentlərin deyilən məsələ ilə bağlı şikayətlərinin kütləviliyinə əsaslanıb deyə bilərəm ki, bu, vətəndaşlara qarşı soyğunçuluğun başqa bir formasıdır. Doğrudur, hazırda bunu sübut edən hansısa fakta malik deyilik. Ancaq dediyim kimi, şikayətlərin kütləviliyi məsələyə ciddi yanaşmağı tələb edir.
Əlbəttə ki, əgər borc məbləğlərində şişirdilmə varsa, bu məsələ araşdırıla bilər. Fikrimcə, ixtisaslaşmış QHT-lər bu işlə məşğul olaraq, konkret nəticəyə gələ bilərlər”.
Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə “Azərişıq”ın ötən ay üçün abonentlərə göndərdiyi borc qəbzlərində məbləğin şişirdildiyi haqda şikayətlər geniş yayılıb. Onların arasında bır sıra tanınmış simalar da var.
A.Zeynalov
www.yenicag.az