“Milli Bankın qərarı Azərbaycanın avrozonaya ixrac imkanlarını məhdudlaşdırırdı”
Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.
Mərkəzi Bankdan məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib:
«Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək».
İqtisadçı ekspert Vüqar Bayramov Yenicag.az-a açıqlamasında qərarı belə şərh edib: “Uzun müddətdir ki, Mərkəzi Bank yalnız dollara birbaşa kurs müəyyənləşdirirdi. Yəni, Mərkəzi Bank çarpaz kurs müəyyənləşdirirdi. Bu o deməkdir ki, avro dollara nisbətən 5 % dəyər qazanırdısa, avtomotiik olaraq avro manata nisbətən də 5% dəyər qazanırdı. Dollara nisbətən 5 % dəyər itirirdisə, avtomotik olaraq avro manata nisbətən də 5 % dəyər itirirdi. Ona görə, bu amil bir mənalı şəkildə Azərbaycanın avrozonaya ixrac imkanlarını məhdudlaşdırırdı. Eyni zamanda manatın məzənnəsini bu valyutadan asılı edirdi. Səbət prinsipinin müyyənləşdirməsi imkan verəcək ki, manatın məzənnəsi müəyyənləşdirilən zaman avronun da valyuta bazarındakı mövqeyi nəzərə alınsın. Qlobal valyuta sisteminə baxsaq, avro dollar nisbətən dəyər itirir, amma digər valyutalara nisbətən dəyər qazanır. Bu da avronun həmin valyutalara nisbətən birbaşa məzənnəsinin olması ilə bağlıdır. Manatın məzənnəsi müəyyənləşdirən zaman avronun məzənnəsinin də nəzərə alınması, manatın dəyər itirməsi anlamına gəlməməlidir. Valyuta səbətindən istifadə edilməsi manatın yumşalması demək deyil. Hələlik manatın məzənnəsi bazar tərəfindən deyil, Mərkəzi Bank tərəfindən müəyyənləşir. Mərkəzi Bank yumşaq valyuta sisteminə keçəcəyi halda manatın məzənnəsi dəyişə bilər. Bu imkan verəcək ki, manatın məzənnəsi müəyyənləşdirilən zaman avrozonadakı mövcud vəziyyət nəzərə alınsın, yerli məhsulların avrozonaya ixrac imkanları artsın və rəqabət imkanları genişlənsin. Manatın avroya nisbətən məzənnəsində dəyişikliklər ola bilər. Bu istisna edilmir. Amma hələlik valyuta məzənnəsinin dəyişməsi Mərkəzi Bankın hansı valyuta rejimi seçməsindən asılı olacaq. Mərkəzi Bank yumşaq valyuta rejiminə keçəsəksə, bu müəyyən çərçivədə ediləcək. Lakin yumşaq valyuta rejiminə keçiləcəyi halda, dolların məzənnəsi dəyişməyəcək. Manatın avroya məzənnəsinin dəyişəcəyi istisna edilmir”.
Kamran