Milli Məclisdə papaq atmaqdan danışıldı
“Bəzilərinin evinin hasarı çox hündür və qapıları kilidli olduğundan oralara papaq atmaq mümkün deyil. Papaqlar o qapılara atılır ki, həmin evlərin hasarından keçmək mümkün olur”.
Bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, bu təbəqədən olanlar müəllimlər, həkimlər, işsizlər, neftçilər və digərləridir. Deputatın fikrincə, indi bu məsələni müzakirə etmək lazımdır ki, orta təbəqədən olan insanlar papaqların içini nə ilə doldursunlar:
“Manatın devalvasiyası prosesindən sonra əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşüb. Aztəminatlı ailələr banklardan kredit götürüb, ancaq dolların bahalaşması nəticəsində krediti ödəməkdə çətinlik çəkir. Azərbaycan hökuməti isə bu məsələlərlə bağlı aydınlaşdırıcı və ciddi izahlar vermir ki, həmin kütlə gələcəyə azacıq da olsa, ümidlə baxsın. Məncə, bu problemi həll etmək lazımdır”.
Fazil Mustafa müəllimlərin maaşının artırılması məsələsinə də toxunub. O bildirib ki, dövlət başçısı müəllimlərin maaşının 33 faiz artırılması ilə bağlı sərəncam verib: “Təəssüf ki, bu sərəncam hələ də həyata keçirilmir. Müəllimlər həm yanvar, həm də fevral ayının maaşlarını artımla ala bilməyiblər. Axı, bu kateqoriyadan olan şəxslərin başqa sahələrdən gəliri yoxdur. Məktəblərdə pensiya yaşına çatmış müəllimləri taleyin ümidinə buraxmışıq. Türkiyədə həmin müəllimlərin kiçik biznes qura bilməsi üçün təzminat verilir. Ancaq bizdə müəllim pensiyaya çıxdıqdan sonra biznes qura bilməsi üçün hər hansı bir vəsait verilmir”.
Milli Məclisin spikeri Oqtay Əsədov deputatın papaqla bağlı çıxışına münasibət bildirib. O qeyd edib ki, papaq milli mentalitetdir və bu cür məsələləri müzakirə etmək məsləhət deyil. “Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş qayıtsın”(modern).