Millimiz 10 medal qazandı
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatına yekun vurulub.
Çempionatın son günündə 71, 75, 80 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
71 kq-da yarışan Rəsul Çunayev 1/8 finalda Sergey Mironovla (Latviya) güləşib və 8:0 hesabıyla üstün olub. 1/4 finalda o, türkiyəli Yunus Özelə də 9:1 hesabıyla qalib gəlib. Yarımfinaldakı rəqib Ukrayna təmsilçisi Armen Vardanyan olub. Amma ona da qalib gələn (9:0) Çunayev adını finala yazdırıb. Həlledici görüşdə Tamaş Lorintsaya (Macarıstan) uduzan Rəsul gümüş medalla kifayətlənib.
75 kq çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev 1/8 finalda Aleksandr Çekirkini (Rusiya) mübarizədən kənarlaşdırmalıydı. Lakin Elvin 1:9 hesabıyla uduzub. Çekirkin finala qədər irəlilədiyindən Mürsəliyev təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Onun bürünc medal yolunda ilk rəqibi Mateuş Volnı (Polşa) olub. Polşalını 3:2 hesabıyla yenən Mürsəliyev son görüşdə də Laslo Şabonu (Macarıstan) məğlub edib və bürünc medala sahib çıxıb.
Rafiq Hüseynov (80 kq) 1/8 finalda Ukrayna təmsilçisi Aleksandr Şişmanla qarşılaşıb və 2:8 hesabıyla uduzub. Şişman növbəti mərhələdə uduzduğundan Rafiqin təsəlliverici görüşlərə qatılması da mümkün olmayıb.
Saman Təhmasibi (85 kq) də 1/8 finalda litvalı Laymutis Adomaytisə məğlub olub – 3:8. Litvalı güləşçi finala çıxa bilmədiyindən, Təhmasibinin bürünc medal qazanmaq istəyi də baş tutmayıb.
Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-ün əvvəlki günlərində 8 medal qazanmışdı.
Qadın güləşində Mariya Stadnik (48 kq) qızıl, İrina Netreba (58 kq) gümüş medala yiyələnib.
Sərbəst güləş yarışlarında Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) Avropa çempionu olub, Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.
Yunan-roma güləşində isə Həsən Əliyev (66 kq) gümüş, Kamran Məmmədov (59 kq) bürünc medal qazanıb(azəripost.az).