Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvinə dair yayılmış xəbərlərlə əlaqədar müraciət qəbul edib.
Bu barədə Yeniçağ.az-a Diaspora üzrə Dövlət Komitəsindən məlumat daxil olub.
Müraciətdə ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı bildirilir. Qeyd olunur ki, 2001-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib. Müraciətdə eyni zamanda ÜAK-ın Rusyada yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində böyük işlər gördüyü vurğulanır: “16 ildir ki, Ümumrusiya Azərbaycan Konqresinin əsas məqsədi Rusiyada millətlərarası anlaşmanı möhkəmləndirmək və Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığı inkişafına dəstək göstərməkdir”.
Moldova Azərbaycanlıları Konqresi əminliklə qeyd edir ki, ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət göstərərək dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında dialoqun dərinləşıməsinə öz töhfələrini verib.
Moldovanın çoxminli Azərbaycan icması Rusiya Federasiyasının müfaviq qurumlarının hər iki ölkənin milli maraqlarına uyğun olaraq obyektiv və ədalətli qərar verəcəyinə ümid edir. Moldova Azərbaycanlıları Konqresi inanır ki, ÜAK-la bağlı veriləcək doğru qərar iki ölkənin strateji partnyorluq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.
Yeniçağ.az
www.yenicag.az