Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Moskvada silahlı kürdlərlə Türkiyəni tərəziyə qoyanda gördülər ki..." - Elxan Şahinoğlu

Türkiyənin uğurlu Afrin əməliyyatından təşvişə düşənlər prosesə maneə olmaq üçün müxtəlif variantlara əl atırlar. Artıq bir neçə gündür ki, mətbuatda kürdlərin Afrini Dəməşqə təhvil verməklə bağlı Əsədlə razılığa gəldikləri barədə məlumatlar yer alır. Hətta dünən Əsədə sadiq qüvvələr Afrinə girməyə cəhd edib. Ancaq şəhər ətrafında yerləşən Türkiyə ordu qüvvələrinin sarsıdıcı zərbələrilə geri çəkilməli olublar. Bununla belə Euronews telekanalının bu gün səhər saatlarında verdiyi son məlumata görə, Əsədə sadiq qüvvələr artıq Afrindədir.

Görəsən, belə bir vəziyyətin yaranması fonunda sözügedən istiqamətdə hadisələr necə cərəyan edəcək? Digər tərəfdən, şəhərin Türkiyənin bölgədəki maraqlarına zidd olaraq, Əsəd qüvvələrinin əlinə keçməsi fonunda Ankara ilə Moskva arasında münasibətlər yenidən korlana və müttəfiqlik münasibətlərinə xələl gələ bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, Türkiyə heç nəyə baxmayaraq, Afrinə daxil olmaqda israrlıdır və buna da nail olacaq. Həmsöhbətimizə görə, prosesə Moskva da heç bir halda əngəl ola bilməyəcək:

“İlk növbədə Afrinin Əsəd qüvvələrinin nəzarətinə keçdiyi barədə xəbərin doğruluğunu dəqiqləşdirmək lazımdır. Bu xəbər dezinformasiya da ola bilər. Guya Türkiyə ordusu Suriya ordusu ilə üz-üzə gəlməkdən ehtiyat edərək, geri çəkilib. Digər tərəfdən, dünən Əsədə sadiq şiə qüvvələri belə bir cəhd etdilər. Amma əsədçilər Türkiyə ordusunun top atəşilə geri otuzduruldu. İkincisi, Afrinə həmin qüvvələr daxil olsa belə, Türkiyə başladığı əməliyyatdan vaz keçən deyil. Çünki bu, baş verərsə, həm Ərdoğanın, həm də Türkiyənin imicinə zərbə vurulacaq. Ankara sona qədər gedəcək və Afrini azad edəcək. Bunun üçün nə qədər vaxt lazım olduğunu da yaxın günlərdə görəcəyik. Artıq şəhərin türk ordusu tərəfindən mühasirəsinə az qalıb. PKK terroru oradan təmizlənməlidir ki, gələcəkdə Türkiyəyə təhlükə yaratmasın. Rusiya isə Türkiyənin bu addımına qarışmır. Düzdür, Rusiyanın mövqeyilə bağlı da müəyyən suallar ortaya çıxır. Belə ki, xarici işlər naziri Sergey Lavrov Ankaranın Afrin məsələsində Dəməşqlə razılığa gəlməli olduğunu bəyan edib. Bu isə mümkün olan məsələ deyil. Dəməşqin gücü olsaydı, sərhədlərinin təhlükəsizliyini özü təmin edərdi. Gücü yoxdur ki, orada terrorçular yuva salıb. Düşünürəm ki, orada hansı qüvvələrin olmasına baxmayaraq, Ankara qətiyyət nümayiş etdirərək, Afrinə daxil olacaq.

Onu da qeyd edim ki, Afrin, Mənbic kimi şəhərlərin radikal kürdlərə aydiyyatı yoxdur, müharibədən qabaq orada əsasən ərəblər yaşayıb. Bu mənada da Türkiyə ədalətin bərpa olunmasına çalışır. Rusiyaya gəldikdə, indiki halda, Ankara ilə münasibətlərin korlanması Moskvaya sərf etmir. Rusiyaya Türkiyə tərəfdaş kimi lazımdır. Ankaranın ABŞ-la münasibətləri soyuqdur ki, bunun özü də Kremlin maraqlarına cavab verir. Ona görə də silahlı kürdlərlə Türkiyəni tərəziyə qoyduqda, Moskvada gördülər ki, Ankara onlar üçün daha vacibdir. Bu səbəbdən heç bir halda Moskva Türkiyənin Afrin əməliyyatına əngəl olmayacaq. Ərdoğan da dünən Putinə zəng edərək, Türkiyənin Afrin məsələsində geri çəkilməyəcəyini bildirib. Bu bir daha göstərdi ki, Ərdoğan qətiyyətlidir və sona qədər gedəcək”.

ELÇİN

www.yenicag.az

4179
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM