MOSSAD sənədləri ələ KEÇİRİLDİ – Tehran təhlükəli ssenariyə HAZIRLAŞIR
“İsrail ABŞ-ni İranla böyük müharibəyə məcbur edir”.
Bu sözləri Yaxın Şərqdə baş verən proseslər, ABŞ ilə İran arasında toqquşma ehtimalını Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
O, bildirib ki, İranla ABŞ arasında böyük müharibənin olma ehtimalı aşağıdır:
“ABŞ ilə İran arasında danışıqlara son verilməyib. Ancaq tərəflər ortaq məxrəcə gələ bilmirlər. İran tərəfi də bəyan edir ki, MOSSAD-ın İrana hücumla bağlı sənədlərini ələ keçiriblər”.
Onun sözlərinə görə, Yaxın Şərqdə ABŞ ilə İran arasında müharibənin olmasını ABŞ özü də istəmir:
“Ancaq İsrail ABŞ-ni buna məcbur edir. ABŞ ona görə müharibə istəmir ki, İranla böyük müharibə Rusiyanın güclənməsinə gətirib çıxaracaq. ABŞ istəyir ki, Rusiya-Ukrayna ilə müharibəni durdursun və Çinlə məsələni həll etsin. Əgər İranla müharibə olacaqsa, bu müttəfiq qüvvələrinin bölünməsinə gətirib çıxara bilər. Bu da Rusiyaya sərf edir. Düşünürəm ki, tərəflər soyuq başla düşünüb müharibəyə getməyəcəklər. 40 ildən çoxdur ki, vəziyyət kəskinləşir, sakitləşir. Ola bilsin, kiçik zərbələr olsun, ancaq böyük müharibə ehtimalı aşağıdır”.
Səxavət Məmməd