“İndiyə qədər seçki ilə bağlı hər hansı qurum və namizəd tərəfindən şikayət ünvanlanmayıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
Bu yaxınlarda ATƏT DTİHB-nin Müşahidə missiyası ilə görüşdüklərini deyən, MTRŞ sədri bildirib ki, onları hazırkı prezidentin fəaliyyəti ilə bağlı təbliğatın necə tənzimlənəcəyi maraqlandırır:
“Mən də prezidentin fəaliyyətinin televiziya və radiolarda işıqlandırılacağını, təbliğat xarakterli materialların isə bu zaman fərqləndiriləcəyini diqqətlərinə çatdırdım. Onlara bu sahədə qızıl balansı qoruyub saxlamağa çalışacağımızı bildirdik”.
N. Məhərrəmli qeyd edib ki, ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır:
“Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Ona görə də telekanallar namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Mən ona görə də namizədlərin pullu efir vaxtı ilə bağlı ödənişlərə normal yanaşmasını istərdim”.
Mətbuat Şurasının sədri Ə. Amaşov isə çıxışında Şuranın seçki ilə bağlı fəaliyyətindən danışıb:
“15 qəzetin, 10 agentliyin monitorinqi aparılmaqdadır. Monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq. Bu zaman faktla və müəllifin şərhi arasında fərqə də diqqət yetiriləcək. Seçki günü Mətbuat Şurasının telefonları “qaynar xətt” kimi fəaliyyət göstərəcək”.
Əflatun Amaşov qeyd edib ki, əvvəlki seçkilərdə olduğu kimi hər hansı məsələ ortaya çıxan zaman MSK ilə əlaqə yaradılacaq.
Səxavət Məmməd
www.yenicag.az