Mübariz Ağayevi Göyçayda gözləyən problem
Prezident İlham Əliyevin sərəncamı ilə Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay RİH başçısı postuna təyinat alan Mübariz Ağayev doğma rayonunda ciddi problemlərlə qarşılaşıb.
Yenicag.az savash.org-a istinadən xəbər verir ki, Mübariz Ağayev Quba kimi “yağlı tikə”nin əlindən çıxmasından heç də razı qalmayıb. Buna baxmayaraq, doğma rayonu Göyçaya “xilaskar” kimi girmək istəyində olduğunu da gizlətməyib və onun bu arzusu heç də pis cızılmayan ssenari ilə həyata keçirilib. Göyçay rayonunda Mübariz Ağayevin “qarşılanma mərasimi”ni başçının qardaşı Maarif Ağayev təşkil edib və necə deyərlər, mərasim pis də alınmayıb. Belə ki, Mübariz Ağayevin başçı kimi rayona təşrif buyurduğu gün 20-yə yaxın “alovlu tərəfdar” rayonda qarşılanma aksiyası düzənləyib. Getdikcə sıraları artan aksiyaçılar əllərindəki fişəngləri göyə ataraq başçını bu cür salamlayıblar. Daha sonra isə başçının qardaşı Maarif Ağayevin maşını ilə mitinqə aparıcı kimi qatılan şəxs tribunaya çıxıb və Mübariz Ağayevin tərifini göylərə qaldırıb.
Amma Mübariz Ağayevin bu təmtəraqlı qarşılanması sonradan arzuolunmaz olaylarla yadda qaldı. Cəmi bir neçə gündən sonra Göyçaya “xilaskar” kimi daxil olan Mübariz Ağayev heç gözləmədiyi sürprizlə qarşılaşıb. Belə ki, Göyçay Rayon İcra Hakimiyyətinin qarşısına toplaşan 400-ə yaxın aksiyaçı işıq və su problemlərinin həll olunması tələbi ilə mitinq təşkil etdi. İcra başçısı Mübariz Ağayev isə etiraz edənlərin sayının artacağından ehtiyyatlanaraq sakinləri RİH-nin zalına toplayaraq onlara problemlərinin qısa zamanda həll olunacağını vəd edib. Bununla da başçı Göyçayda ilk zərbəsini aldı.
Sonrakı proseslər isə daha maraqlı məcrada inkişaf etməyə başladı. Bununla bağlı Savash.org-a danışan rayondakı mənbəmiz bildirir ki, İcra Hakimiyyətinin qarşısındakı məlum mitinqdən sonra Mübariz Ağayev tapşırıq verib ki, sakinlərin arxasında dayanan gizli qüvvləri aşkarlasınlar. Tezliklə bu məsələ də “həllini tapır: başçıya məruzə edirlər ki, bəs “xain” tapılıb və həmin şəxs Göyçayın keçmiş icra başçısı Mənsur Məmmədovun yaxın dostu, eyni zamanda Ağdaş rayon məhkəməsində hakim işləyən Ruslan Əlizadədir.
Bundan sonra isə Mübariz Ağayev başqa bir prosesə start verir: keçmiş başçıya yaxınlığı ilə seçilən şəxslərin sıxışdırılması başlayır, eyni zamanda yerli sahibkarlara qarşı təzyiqlər daha da intensivləşir. Həmin təzyiq və sıxışdırılmaların detallı təfərrüatları haqda isə növbəti yazımızda daha ətraflı bəhz edəcəyik(savash.org).
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.