Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu ölkədə bütün sahələrdə əməkhaqları və digər müavinətlərdə olan artımı rəhbər tutaraq, rəsmi təyinatı olan din xadimlərinə göstərilən maddi dəstəyin məbləğinin 20 % artırılması haqqında qərar qəbul edib. Belə ki, rəsmi təyinat almış din xadimlərinə göstərilən maddi dəstək müvafiq olaraq imamlar üçün 630 manatdan 756 manata, imam müavinləri üçün 490 manatdan 588 manata, mütəvəllilər üçün 350 manatdan 420 manata qaldırılıb.
Məlumdur ki, cəmiyyətimizdə din və təhsil əlaqələndirməsi daim aktual məsələlərdən biri olub. Bu fonda din xadimlərinə göstərilən maddi dəstəyin artırılması müəllimlərin aldığı əməkhaqqı ilə əlaqələndirilir. Hesab olunur ki, din xadimləri deyil, müəllimlərin maaşı artırılmalıdır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib ki, din xadimlərinə yüksək maaşın verilməsi gələcəkdə din sektoruna marağın daha çox artacağına və insanlardan elmdən uzaq qalmasına yol aça bilər:
“Təhsil müəssisələrində çalışan elə müəllimlər var ki, onların aldığı maaş din xadimlərinə göstərilən maddi dəstəyin məbləği ilə müqayisədə olduqca aşağıdır. Bu, təəssüf doğuran bir haldır. Bu gün müəllimlərə deyil, dini moizə oxuyan şəxslərə əməkhaqqının daha çox verilməsi qəbuledilməzdir. Rəsmi təyinatı olan din xadimləri dövlət qulluqçusu hesab oluna bilər, amma bu şəxslərin müəllimlərdən daha yüksək məbləğli maaş alması doğru yanaşma deyil. Bu fonda müəllimlərin əməkhaqqıları artırılmalıdır. Hətta din xadiminə verilən maaşdan 2-3 qat daha artıq olmalıdır. Sosial vəziyyəti və qiymətlərin artımını nəzərə alsaq, müəlimlərin maaşı çox aşağıdır. Bu gün imamlar və mütəvəllilərin 490-588 manat civarında maaş alması gələcəkdə insanların müəllimlik peşəsindən tədricən uzaqlaşmasına və dini istiqamət üzrə yol almasına səbəb ola bilər. Bu vəziyyətin yaranmaması üçün təhsil işçilərinin maaşında artım olmalıdır”.
Gülşən Şərif
www.yenicag.az