“Necə olur, Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədovun mahnılarının baxış sayı bəlkə də heç 500 mini keçmir, amma bu müğənniciklərin mahnıları milyonlarla baxış sayı yığıb trendə düşür?”.
Bu sözləri tanınmış müğənni Nazim Pşyari Yencag.az-a açıqlamasında deyib.
Sənətçi telekanallardakı saxta reytinqlərdən və saxta baxış sayı yığaraq, mahnıları trendə düşən “müğənnicik”lərdən danışaraq onların ünvanına iradlarını səsləndirib:
“Trend sözü reytinq mənasında çox parazit bir sözdür. Tez-tez belə ifadələri eşidirik ki, bizim verilişimiz reytinqlərdə birincidir, ən çox bizə baxılır və s..
İstər sosial şəbəkələrdə, istərsə də əhali arasında sorğu keçirilir, soruşursan telekanallarımızdan razısız? Cavab verirlər ki, biz yerli kanallara baxmırıq. Dəfələrlə bunun şaihidi olmuşuq. Çünki baxılası heç nə yoxdur. Amma yalançı reytinq var.
Yalançı reytinqlər kimi, mahnıların da baxış sayı saxtadır. Necə olur, Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov kimi sənətkarların mahnılarının baxış sayı bəlkə də heç 500 mini keçmir, amma bu müğənniciklərin mahnıları milyonlarla baxış sayı yığıb trendə düşür? Sən necə bir fövqaladə səs sahibi və ifaçısan ki, baxış sayın milyonları keçdi?! Elə sənə qulaq asan da sənin səviyyəndə olan insandır.
Ona görə də mən nə o baxış saylarına inanıram, nə o reytinq söhbətinə. Onda gərək on milyon xalqın hamısı o sinəsinə döyüb, “mənim verilişim reytinqlərdə birincidir”, deyənin verilişinə baxmalıdır.
İstər baxış sayı, istərsə də reytinq söhbəti hamısı boş-boş söhbətlərdir. Gedək şəhərdə sorğu keçirək, filankəsin mahnısınnı nə qədər baxış sayı ola bilər? Hərə bir söz deyəcək. Önəmli olan baxış sayı deyil, tarixdə, yaddaşlarda qalmaqdır. Akif İslamzadə 40 ildir oxumur, amma bu gün hamımızın ürəyində, yaddaşındadır. Ona nə baxış sayı, Akif elə Akifdir”.
Cəvahir
www.yenicag.az