“Münaqişənin həlli görünmür”
“Barışmaz düşmənlər-Ermənistan prezidenti Serj Sərkisyan və Azərbaycan prezidenti İlham Əliyev birdən “yoldaş” oldular. Demək olar ki… Dolaşıq Dağlıq Qarabağ mövzusuna gələnə qədər onlar bir-birinə çox yaxın idilər”.
Bu təəssüratı oktyabrın 27-də Parisdə, Yelisey sarayında keçirilən Ermənistan-Azərbaycan danışıqları barədə danışan fransalı diplomat, prezident Fransua Ollandın yaxın ətrafındakı mənbə “Le Monde” qəzeti ilə bölüşüb.
Hələ də təəccübünü gizlədə bilməyən diplomat deyib: “Biz görürdük ki, onlar necə danışırlar və bir-birinə “sən” deyə müraciət edirlər”.
Qəzet sual edir: “Bəs bu möcüzəyə görə kim cavabdehdir? Ola bilsin Fransua Olland. Fransa prezidenti Yelisey sarayında Dağlıq Qarabağa dair sammit təşkil edəndə müzakirə mövzularını rəngarəng etməyə çalışdı ki, Sərkisyan və Əliyev təkcə bir mövzuya – ərazi münaqişəsinə köklənib qalmasınlar”.
“Onlar özlərinə hesabat verirdilər ki, ümumi çağırışlarla üzləşiblər, onlar eyni problemlərlə qarşılaşırlar” – deyə diplomat bildirib.
Qəzetin yazdığına görə, diplomat bildirib ki, bu ilin yayından “iqlim pisləşib”. Səngər müharibəsi nəticəsində onlarla ölüm baş verib. İndi Ollandın müşavirləri bazar ertəsi əldə olunmuş nəticələrdən şaddır.
“Biz yaxşı iş gördük” – Fransa prezidentinin yaxın ətrafındakı mənbələrdən biri deyib.
“Ancaq nəticə heçdir. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli görünmür, dialoqu 2015-ci ilin sentyabrında Nyu-Yorkda davam etdirmək vədindən başqa” – mənbə əlavə edib.
“Elədirsə, bu nədir? Əgər Paris sevinc içərisindədirsə, bu, ancaq ona görədir ki, o, prezidentlərə bir-biri ilə danışmaq imkanı yaradıb. Ancaq prezidentin ətrafı üstəlik Fransanın Rusiyanın təsiri altında olan bu torpaqlarda mövqelərinin möhkəmlənməsindən məmnundur. Bu torpaqlarda Avropa İttifaqı ilə yaxınlaşmaq istəyi var. Şüar isə belədir: “Hər şeydən əvvəl onları Rusiya ilə Avropa İttifaqı arasında seçimə məcbur etməmək!” Söhbət Rusiya ilə münasibətlərin kəsilməsindən getmir. Biz tələyə düşmək istəmirik” – diplomat əlavə edib.