“Konfransda Azərbaycan və Ermənistan nümayəndələri sülh müqaviləsindən danışacaqlar. Amma bu, təbii ki, təhlükəsizlik konfransının əsas mövzusu deyil”.
Bunu 61-ci Münhen Təhlükəsizlik Konfransında iştirakın Azərbaycan üçün perspektivlərindən və müzakirə olunacaq məsələlərdən danışan Milli Məclisin deputatı Razi Nurullayev Yenicag.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, keçiriləcək konfransda Avropa Birliyi, demək olar ki, kənarda saxlanılıb:
“Bir neçə il əvvəlki konfranslarda, loru dildə desək, dağdan-arandan danışırdılar. Amma indi Münhen Təhlükəsizlik Konfransında dünyanın taleyi müzakirə olunur. Çünki düzən dəyişib, dünyanın demokratik adlandırılan ölkələrinin bəziləri avtokratlığa yuvarlanıblar.
Donald Trampın ABŞ-də yenidən hakimiyyətə gəlişi ilə Rusiya-Ukrayna müharibəsinə də münasibət dəyişib. Keçiriləcək konfransda Avropa Birliyi, demək olar ki, kənarda saxlanılıb. Danışıqlar birbaşa olaraq ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasındadır. Bir sözlə, Trampın verdiyi qərarlar Avropanı şok vəziyyətinə salıb və ciddi təsir edib.
Əlavə olaraq ABŞ-nin başlatdığı ticarət müharibələri bütün dünyada gərginliyi artırıb. Belə bir vəziyyətdə dünyanı daha çox bu məsələlər düşündürəcək. Qısacası, müzakirələrin əsas mövzusu ABŞ, Çin və Rusiya faktoru ilə bağlı olacaq. Azərbaycanın müzakirəyə çıxarmalı olduğu elə bir ciddi məsələsi yoxdur.
Düzdür, əvvəllər Ermənistanın qarayaxma kampaniyalarına qarşı mübarizə aparırdıq. Bu kampaniyalarda keçmiş ABŞ administrasiyası Ermənistana meyillənirdi. Ancaq indi Ermənistan da bir sıra məsələlərdə razıdır. Hər halda, konfransda Azərbaycan və Ermənistan nümayəndələri sülh müqaviləsindən danışacaqlar. Amma bu, təbii ki, təhlükəsizlik konfransının əsas mövzusu deyil. Hər bir ölkə özünün daxili problemlərindən və bu daxili problemlərin qlobal dünyaya nə cür təsir edəcəyindən danışacaqlar”.
Nəsimi Ələsgərli
www.yenicag.az