Beynəlxalq mətbuat mərkəzində – “Sputnik.az”ın konfrans zalında “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilir.
Yenicag.az xəbər verir ki, tədbirdə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edir.
Açılış nitqi ilə çıxış edən Müşfiq Ələsgərli onlayn medianın sürətlə yayıldığını və bundan sonra informasiya təhlükəsizliyində müəyyən əngəllərin ortaya çıxdığını qeyd edib. Bu problemlər arasında müəllif hüquqların pozulmasını vurğulayan Müşfiq Ələsgərli, onlayn informasiya yayıcılarının bu mövzuya həssas yanaşmasının labüd olduğunu bildirib:
“Araşdırdıqca görmək olur ki, bir çox onlayn xəbər daşıyıcıları müəllif hüquqları məsələsində çox boşluqlara yol verirlər. Hətta saytların dizaynlarında belə məşhur saytların təkrarlanması, lakin heç bir müəllif hüquqlarının təqdim edilməməsi hallarını görürük. İnformasiya təhlükəsizliyi baxımından bunlar yolverilməzdir. Belə halların qarşısını almaq lazımdır”.
Daha sonra çıxış edən BBMM-in mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli informasiyanın yayılması zamanı müəllif hüquqlarının pozulmasının ürəkaçan olmadığını, bu cür halların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Hazırda tədbir qarşılıqlı diskusiyalarla davam etdirilir.
www.yenicag.az