“Hazırda ekspertlər sertifikasiyadan keçmədiyinə görə hesabatlılıq da yoxdur”.
Bu fikirləri Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər” haqqında qərarını şərh edən eskpert İlkin İbrahimov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq qəbul edilmiş qərarın müzakirə prosesində müstəqil ekspertlərin iştirakının təmin olunması daha məqsəduyğun idi:
“Mütəqil ekspertlərin faəliyyətini müəyyənləşdirən bu qərarın həm müsbət, həm də mənfi cəhətlər var. Qəbul edilmiş qərarın müzakirə prosesində müstəqil ekspertlərin iştirakının təmin olunması daha məqsəduyğun idi. Çünki bu qərar müstəqil ekspertlərin fəaliyyət qaydalarını özündə əks etdirir.
İşin müsbət tərəfi ondadır ki, buna qədər mövcud qanunvericilikdə müstəqil ekpertlərin fəaliyyəti ilə bağlı müəyyən müddəalar yer alsa da, onların hüquq və vəzifələr dəqiq göstərilmədiyi üçün bir qədər pərakəndəlik var idi. Hesab edirəm ki, bu məsələ ekspertlərin sertifikasiyasından sonra daha da konkretləşəcək.
Hazırda ekspertlər sertifikasiyadan keçmədiyinə görə hesabatlılıq da yoxdur. Ona görə də müstəqil ekspertlər müxtəlif profillər üzrə sertifikasiyadan keçməlidirlər ki, hesabatlılıq olsun. Bu qərar mütəqil ekspertlərin gələcək fəaliyyətinə təkan verəcək”.
İsmayıl Bakuvi
www.yenicag.az