Müxalif millət vəkilləri “matəm elan olunmasın” dedilər
Sabir Rüstəmxanlı: “Matəm elan olunmasına ehtiyac yoxdur”
Fazil Mustafa: “Belə bir hadisəni matəmlə rəsmiləşdirəndə daha süni bir tədbir olur”
Binəqədi rayonu, Azadlıq prospektində mayın 19-da hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın və 16 nəfərin ölümü ilə nəticələnən faciə fonunda bir çoxları ölkədə matəm elan olunmasını təklif edir.
Görəsən, bu barədə millət vəkilləri nə fikirdədir?
Yenicag.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı matəm elan olunmasına ehtiyac olmadığını bildirdi: “Baş verən və ölümlə nəticələnən yanğın hadisəsi çox ağır faciədir. Azərbaycan kimi isti bir ölkədə yanğına davamlılığı olmayan, keyfiyyətsiz neft məhsullarından hazırlanan materiallarının binaya çəkilməsində günahkar olan şirkətlər buna cavabdehdir. Onlar cəzalandırılmalıdır. O ki qaldı, matəm məsələsinə, fikrimcə hər bir hadisəyə görə ölkə səviyyəsində matəm elan etmək olmaz. Onsuz da bu faciəni yaşayan ailələrin ağrısı, acısı bütün millət tərəfindən bölüşdürülür. Bu da qeyri-rəsmi, yəni elan olunmamış matəmdir. Amma xüsusi olaraq matəm günü elan etməyə ehtiyac görmürəm. Hər hadisəni matəm, bayram kimi qeyd etməklə, ilin 365 günü ya bayram, ya da matəmdə olarıq. Zənnimcə buna ehtiyac yoxdur”.
Millət vəkili Fazil Mustafa da həmkarının fikirləri ilə həmrəy olduğunu dedi: “Əslində baş verən hadisəyə görə rəsmi olaraq ayrıca matəm elan olunmasının mənası qalmır. Çünki onsuz da insanlar ayrı-ayrılıqda bunu matəm kimi qeyd edir, yaşayırlar. Amma belə bir hadisəni matəmlə rəsmiləşdirəndə daha süni bir tədbir olur. Onsuz da insanlar bunun şokunu yaşayır”.
Elçin