Müxalifət yeni ABŞ səfirindən nə gözləyir?

media-hightechnic-468x90

abs_sefiriElman Fəttah: “Düşünürük ki, son zamanlar Amerika siyasətində ciddiləşən insan haqları məsələsi yeni səfirin siyasətində də prioritet təşkil edəcək”

Razi Nurullayev: “Yeni səfirdən Azərbaycanın vətəndaş cəmiyyəti ilə daha yaxın münasibət qurmasını gözləyirik”

Bəybala Əbil: “Azərbaycanda Amerikanın daimi siyasətini həyata  keçirəcəklər”

ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Cukutanın bu gün Bakıya gələrək fəaliyyətə başlayacağı gözlənilir.  Böyük bir dövlətin səfirlərindən hər zaman Azərbaycan siyasiləri müəyyən məqamların baş verməsini gözləyiblər. Görəsən, müxalifət bu yeni səfirdən nəsə gözləyirmi?

Yenicag.az-a açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah bildirdi ki, insan haqları istiqamətinin yeni səfirin siyasətində prioritet olacağını gözləyir: “ABŞ-ın yeni səfirinin fəaliyyətə başlamasından sonra düşünürük ki, son zamanlar Amerika siyasətində daha da rəsmiləşən və ciddiləşən insan haqları məsələsi bu diplomatik nümayəndənin siyasətində də prioritet təşkil edəcək. Öncə enerji təhlükəsizliyi və digər təhlükəsizlik məsələləri, daha sonra isə insan haqları və demokratiya məsələləri bu günə qədər effekt verməyib. İndidən sonra ən azı bu üç məsələnin üçünü də birinci dərəcəli prioritet kimi aparaçağını gözləyirik. Çox açı bir xatirəmiz var. Bundan əvvəlki səfir gələrkən Heydər Əliyevin abidəsi qarşısında baş əymişdi. Ümid edirik ki, bu bir protokola çevrilməyib və indiki səfir həmin addımı atmayacaq”.

AXCP sədrinin müavini Razi Nurullayev isə qeyd etdi ki, ABŞ-ın yeni səfirindən hər zaman səfirlərdən gözlədiklərini gözləyirlər: “Səfirlər ABŞ-ın Azərbaycanda həyata keçirdiyi siyasətin sözçüsüdür. Təbii ki, Azərbaycanda baş verən daxili və xarici hadisələrə daha yaxından münasibət sərgiləməsini gözləyirik. Ümumiyyətlə yeni səfirdən Azərbaycanın vətəndaş cəmiyyəti ilə daha yaxın münasibət qurmasını gözləyirik. Hesab edirəm, yeni səfir bu sahədə daha ciddi addımlar atmalıdır.  Azərbaycanda  fərqli fikir söyləyənlərlə səfirlik arasında  daha aydın və açıq təmas qurulmalıdır. Hesab edirəm ki, ABŞ səfirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da aydın və qəti fikri olmalıdır. Onun üçün də yeni səfirdən bu sahədə də daha ciddi fikir və açıqlamalar gözləməkdəyik”.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil də bildirdi ki, ABŞ-ın yeni səfirindən o biri səfirlərdən gözlədiyimizi gözləyirik: “Onlar öz prinsiplərinə sadiqdir. Güclü və demokratik bir dövlətin səfirliyidir. Bununla bir yerdə öz dövlət maraqlarını gözləyəcəklər. Azərbaycanda Amerikanın daimi siyasətini həyata  keçirəcəklər”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600