“Prezident seçkilərində müxalifətin ölkədən kənardakı hansısa siyasətçiyə dəstək verəcəyi inandırıcı deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.
Millət vəkilinin fikrincə, ölkə müxalifətinin əsas qüvvələri Rusiyanın Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində reallaşdırmağa çalışacağı mümkün layihələrdə iştirak etməyəcəklər:
“Prezident seçkilərinə bir ildən çox vaxt qaldığı bir dönəmdə bu məsələlər ətrafında müzakirələrin başlaması təəccüblü deyil. Ancaq Rusiyanın Azərbaycandakı seçkilərə mümkün müdaxiləsindən danışanda, bəzi nüanslara baxmaq lazım gəlir. Ölkədaxili hansısa siyasi qüvvələrin Rusiyanın seçki planında iştirak ehtimalı haqqında söz deyərkən, burada tək müxalifət nəzərdə tutulmalıdır. Hər halda, müxalifətdən fərqli olaraq hakimiyyətin daxilində Rusiyameyilli siyasi çevrələr daha güclüdür.
Ölkə müxalifətinin əsas hissəsinin Moskvanın seçki planında yer alacağını düşünmürəm. Düzdür, onların fəaliyyətində xeyli tənqidi məqam olsa da, hər halda milli qüvvələrdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, indiki şərait Milli Şuranın yaradıldığı 2013-cü ildəki şəraitdən xeyli fərqlidir. O zaman Moskvada məskunlaşmış nüfuzlu bir şəxs seçki prosesinə cəlb edildi və müxalifət o namizədə dəstək verdi. Lakin bildiyiniz kimi, o adam seçkilərdə iştirak etmədi. İndiki dönəmdə isə o səviyyədə nüfuzlu bir şəxsin ortaya çıxarılacağı gözlənilmir. Müxalifətin kənarda hazırlanan analoji siyasi layihədə iştirak etməyəcəyini söyləməyim də bu amildən qaynaqlanır”.
A.Zeynalov
www.yenicag.az