Martın 13-dən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə ictimai sektor təşkilatlarında çalışan mühasiblərin peşəkarlığının artırılması və Peşəkar Mühasib Sertifikatının (PMS) əldə edilməsi istiqamətində uzunmüddətli təlimlərə başlanılıb.
Təlim başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov çıxış edərək bildirib ki, dövlət idarəetmə sistemində şəffaflığın və hesabatlığın gücləndirilməsi üçün mühasibat uçotunun beynəlxalq standartlara uyğun qurulması vacibdir. O qeyd edib ki, bu təlimlərin əsas məqsədi muxtar respublikada dövlət orqanlarında çalışan mühasiblərin bilik və bacarıqlarını artırmaq, onları beynəlxalq standartların və mövcud qanunvericiliyin tələblərinə uyğun sertifikatlaşdırmaq və peşəkar inkişaflarını dəstəkləməkdir.
Təcrübəli mütəxəssislər tərəfindən aparılacaq təlimlər ilkin mərhələdə mühasibatlıq üzrə baza biliklərinin artırılması ilə başlayacaq, daha sonra isə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) istiqamətində peşəkar mühasib sertifikatı (PMS) proqramına uyğun davam etdiriləcəkdir. Təlim prosesində iştirakçılara Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin imtahan formatına uyğun sınaq imtahanları təşkil ediləcəkdir.
Qeyd edək ki, dörd ay davam etməsi nəzərdə tutulan təlimlər Naxçıvan Muxtar Respublikasında mühasibatlıq sahəsində peşəkar inkişafın təşviqi və beynəlxalq standartlara uyğun kadr potensialının formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir.
www.yenicag.az