Son günlər neft qiymətlərində artım müşahidə olunur. Bu gün ICE London qitələrarası birjasında Brent markalı neftin bir barelinin dəyəri 3,5 illik maksimuma çataraq 79 dolları ötüb.
Bəs görəsən, qiymətlərdəki artım tendensiyası nə ilə əlaqədardır? Qiymətlər hələ nə qədər yüksəlməkdə davam edəcək?
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı OilGas.az saytı Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədova müraciət edib. Millət vəkili qiymət artımını siyasi amillərlə əlaqələndirib və bu artımın qısa müddətli olacağını qeyd edib:
“Bu tendensiya ABŞ-ın apardığı siyasətlə bağlıdır, onun İrana qarşı apardığı müəyyən siyasi oyunların nəticəsidir. İrana qarşı sanksiyaların tətbiq edilməsi, o cümlədən, İsraillə İran arasında olan münasibətlər və s. fonunda qiymətlər yüksəlir. Sanksiyaların aradan qaldırılmasından sonra İran nefti dünya bazarına çıxarılırdı. İndisə İran nefti müəyyən qədər sanksiyalara məruz qaldığı üçün dünya bazarında neftin qiyməti artmağa başladı.
İnanmıram ki, bu artım uzun müddət davam eləsin. Müəyyən bir müddət bəlkə də bu proses davam elədi. Amma çox güman ki, İran münaqişəsi həll olunandan, İranla ABŞ münasibətləri öz həllini tapandan sonra qiymətlər yenidən enməyə başlayacaq. Hələlik qiymət qalxmaqda davam edir. Təbii ki, Azərbaycan kimi neft ixrac edən ölkə üçün bu, böyük əhəmiyyət kəsb edir.
Neftin qiymətinin yüksəlməsi siyasi məsələdir. Qiymətin artması neft ixrac edən ölkələr üçün əhəmiyyət kəsb edirsə də, neft ixrac edən ölkələr üçün bu, çox böyük çətinliklər yaradır: məhsulun maya dəyəri artır, həmin ölkələrdə ixrac azalır. Gedən siyasi proseslər onu göstərir ki, neftin qiymətinin artması ABŞ, Rusiya kimi böyük dövlətlərə də sərf edir. Ona görə də, bu artım prosesinə hələ ki müdaxilə etmirlər. Amma lazım olanda bunun qarşısı alınacaq”.
www.yenicag.az