Bildiyimiz kimi, OPEK və ora üzv olmayan digər neft ölkələri mayın 24-25-də baş tutan toplantıda gündəlik hasilatın azaldılması ilə bağlı Vyana razılaşmasını uzatmaq barədə növbəti razılığa gəldilər. Lakin buna baxmayaraq, neftin qiyməti aşağı düşməkdə davam edir. Hazırda Brend markalı neftin qiyməti 51 dollara enib. Görəsən, neft ölkələrinin növbəti canfəşanlığına rəğmən üzərindən bir həftə keçməmiş “qara qızıl”ın qiymətinin aşağı yuvarlanması nə ilə bağlıdır?
Neft-qaz məsələləri üzrə mütəxəssis İlham Şaban Yenicag.az-a verdiyi açıqlamasında aşağıdakıları bildirib:
“Bazar iştirakçıları mayın 24-25-də keçirilən toplantıdan istədiklərini ala bilmədi. Yəni onların ümidləri doğrulmadı. Onlar gözləyirdilər ki, gündəlik hasilat heç olmasa daha 500 min barrelə qədər azalacaq. Amma bu, baş vermədi. Başqa bir tərəfdən, onlar hasilatın azaldılması ilə bağlı razılaşmaya yeni oyunçuların daxil olacağını gözləyirdilər. Lakin bunu görmədik. Ona görə də proses sadəcə yenidən uzadıldı. Uzadılması etibarı ilə mövcud şərait saxlanıldı. Əvvəlki mövcud qiymətlər ətrafında bazardakı ab-hava davam edir. Bir qədər sonra da neftin qiymət enməsi davam edəcək. Sentyabr ayının sonlarına qədər neftin qiymətinin aşağı enmə ehtimalı böyükdür. Adətən, treyderlər qiymətlərin aşağı enməsinə oynayırlar. Yalnız oktyabrdan başlayaraq qiymətlərdə yenidən artma ehtimalı baş verə bilər. Ümumilikdə götürdükdə neftin orta qiyməti proqnozlara görə cari il üçün 52-53 dollar arasında cərəyan edəcək”.
ELÇİN
www.yenicag.az