Nicat Quliyevi cəza evinə necə aparıblar?
Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Vəkil Əfqan Məmmədov deyib ki, Nicat Quliyev 3 saylı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülən zaman qanunlar və sabiq nazirin hüquqları pozulub: “Sumqayıt Apellyasiya Məhkəməsi Nicat Quliyevin işindən verdiyimiz şikayətə baxılmasını avqustun ikinci ongünlüyündə yekunlaşdırdı. Şikayət təmin edilmədi. Məhkəmə başa çatandan bir neçə saat sonra Nicat Quliyevi cəzaçəkmə müəssisəsinə köçürüblər. Sanki məhkəmənin necə başa çatacağını, şikayətin təmin olunmayacağını əvvəldən bilirmişlər və köçürülmə üçün hazırlıq görüblər. Azərbaycan təcrübəsində köçürülmə məhkəmədən bir neçə gün, bəzi hallarda isə bir neçə həftə sonra həyata keçirilir. Amma Nicat Quliyevi tələm-tələsik aparıblar. Həmin gün cəzaçəkmə müəssisənə köçürüləcəyi haqda onun nə özünə, nə vəkillərinə, nə də yaxınlarına məlumat verilmişdi”.
Vəkilin sözlərinə görə, sabiq naziri bir neçə gün cəzaçəkmə müəssisəsinin karantin hissəsində saxlayıblar: “Cəzaçəkmə müəssisəsinə köçürüləndən bəri onunla görüşməmişəm. Bunun üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin icazəsi lazımdır. Nazirliyə rəsmi formada müraciət etmişəm, cavab gözləyirəm. Razılıq verilən kimi gedib görüşəcəm. Ailəsi yanına getmişdi, amma görüş verməyiblər. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi bildirib ki, Nicat Quliyev karantində olduğuna görə görüş verilə bilməz. Karantindən çıxandan sonra isə gedən olmayıb. Ona görə də səhhəti, saxlanma şəraiti haqda heç bir məlumatımız yoxdur. Nicat Quliyevin taleyindən ciddi narahatlıq keçiririk”.
Əfqan Məmmədov bildirib ki, sabiq nazirin işindən Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Şikayətdə Nicat Quliyevə bəraət verilməsi, Abşeron Rayon Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində sabiq nazirin işinə baxan hakimlərin cəzalandırılmasını istəyiblər.
Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.