Nyu-Yorkdakı SÜRPRİZ GÖRÜŞ – Bayramov Mirzoyana NƏ DEDİ?
“Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından sonra münasibətlərin normallaşması sürətlənib”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.
O, Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin baş tutan görüşü, eləcə də İrəvanın sülh müqaviləsində apardığı siyasəti şərh edib.
Müsahibimiz xatırladıb ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri və 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirakı normallaşma prosesinin sürətləndiyinin göstəricisidir:
“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşləri, dialoqu davam etdirmək barədə razılığa gəlmələri iki dövlət arasında münasibətlərin normallaşmasının arzuedilən məcrada getdiyinin digər bir təsdiqidir. Aydın görünür ki, avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə imzalanmış üçtərəfli və iki tərəfli sazişlər Azərbaycanla Ermənistan arasında normallaşa prosesini yeni mərhələyə keçirib. Burada Vaşinqtonun müsbət təsiri də hiss olunur. Əgər proseslər bu axarı ilə gedərsə və Rusiyanın mənfi təsirinin qarşısı alınarsa, bölgədə dayanaqlı sülh və əməkdaşlıq tezliklə yarana bilər”.
Rafi Müslümov