“O zaman Azərbaycandan üzr istəməlidir”
Millət vəkili Qənirə Paşayeva məşhur türkiyəli kino aktrisası Müjdə Arın “Azərbaycandan saxta diplom alıb prezidentliyə namizəd olacağam” fikrinə sərt reaksiya verib.
Məşhur aktrisaya facebook hesabında cavab verən millət vəkili bildirib ki, öz düşüncəsində Azərbaycanı təhqir etdiyini düşünən bu aktrisanın müsahibəsini diqqətlə oxusanız, onun “səviyyəsi”ni görə bilərsiniz:”Müjdə Arı dəvət edirik gəlsin, görək haradan alacaq o “dandık, saxta” diplomu Azərbaycanda. Yox əgər ala bilməsə, o zaman Azərbaycandan üzr istəməlidir. Ölkəmizə, millətimizə sayğı göstərməyən, onu aşağılayan birisi qardaşımız da olsa, ona sayğı göstərməməliyik və etirazımızı da hamımız söyləməliyik. Bir müddət öncə Türkiyəli bir sənətçi ilə bağlı hadisədə də söyləmişdim. Azərbaycanı sevməyən, sayğı göstərməyən, aşağılayan bir insan hər hansı bir azərbaycanlını səmimi olaraq sevə bilməz. Sosial şəbəkədəki gənclərimiz Müjdə Ara etirazlarını göndərərək çox mədəni şəkildə üzr istəməyə çağırmalıdırlar. Eyni zamanda bu reportajı yayımlayan Ahmet Hakana da öz etirazlarını göndərməlidirlər. Onlar və onlarla bərabər Azərbaycana dil uzatmaq, aşağılamaq niyyətində olanlar anlamalıdırlar ki, Azəbaycan xalqı bu kimi məsələlərə çox həssasdır və bu kimi açıqlamalar qəbuledilməzdir”.