Obama məşhur futbolçunu qınadı
ABŞ prezidenti Barak Obama Amerika Futbol Liqasının (NFL) ən məşhur oyunçularından biri Rey Raysı qətiyyətlə qınayıb.
“Baltimer Reyvens” klubunda ranninbek mövqeyində oynayan 27 yaşlı futbolçu bu il ailə qurduğu xanımı Ceney Palmeri vəhşicəsinə döyüb.
Birləşmiş Ştatların prezidentinin mətbuat katibi Coş Ernstin dediyinə görə, “Barak Obama idmançının davranışını yolverilməz sayıb”: “Cənab prezident iki qız atasıdır. İstənilən amerikalı kimi o, məişət zorakılığını qəbuledilməz sayır”.
ABŞ-ın ən məşhur idmançılarından birinin Atlantik-Siti şəhərində arvadını döyməsi səhnəsinin əks olunduğu video dünən internetdə yayılıb.
Rey Rays liftdə arvadına söyüb, sonra onu yumruqla vurub yerə yıxıb. Liftin qapıları açılanda isə o, C.Palmeri sürüyüb dəhlizə çıxarıb.
Video yayılandan sonra “Baltimor Reyvens” klubu R.Raysla imzaladığı müqaviləni ləğv edib.
2012-ci ildə Rey Rays “Baltimor” ilə 50 milyon dollarlıq anlaşma imzalamışdı. O, klubun heyətində NFL çempionu olmuşdu.