Obama “soyqırım” ifadəsini işlədəcək?
Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı məlum qərarından sonra nəzərlər ABŞ-a yönəldi.
Görəsən Obama da soyqırım ifadəsini işlədəcəkmi?
Politoloq Mübariz Əhmədoğlu bildirir ki, Roma Papasının bu qərarı olayların belə cərəyan etməsinə səbəb oldu.
“O vaxta, qədər erməni soyqırımının 100 illiynin yaxınlaşmasına baxmayaraq, müəyyən sakitlik yaranmışdı. Türk diplomatlarının apardığı siyasətin qorxusundan, ermənilər xaricdə apardığı qondarma “soyqırım” təbliğatını da dayandırmışdılar”.
Politoloq bir neçə ay əvvəl ermənilərlə bağlı yaşanan rüsvayçı olayı Yenicag.az-a belə nəql etdi.
“Çexiyanın Praqa şəhərində, universitetlərin birində belə bir hal yaşanmışdı.Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın hakim Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov bir qrup nümayəndə heyəti ilə həmin universitetdə qondarma erməni soyqırımı ilə bağlı mühazirə oxumağa başlayıb. Bu zaman Çexiyanın Türkiyədəki səfiri zala daxil olan kimi erməni nümayəndələri, o cümlədən Eduard Şarmazanov dərhal zalı tərk etdilər. Bu da onun göstəricisidir ki, ermənilərin sözügedən qondarma soyqırımı ilə bağlı türkiyəli mütəxəssislərlə polemikaya getməyə haqqı yoxdur.”
Politoloq bildirir ki, hər şey çox sakit getdiyi halda, dövlət başçılarının 24 aprel qondarma soyqırım tədbirlərinə gəlməyəcəklərini bəyan etdiyi halda, Roma Papasının belə qərar verməsi aləmi qarışdırdı.
“Hətta bundan sonra ABŞ rəsmiləri bu məsələyə birmənalı münasibət bildirmədilər. Bütün olanları nəzərə alaraq düşünürəm ki, Obama erməni “soyqırım” sözünü işlətməyəcək. Təsəvvür edin ki, “qondarma soyqırım”a tədbirlərinə 1 həftə qaldığı halda B.Obama ABŞ-ı Ermənistanda kimlərin təmsil edəcəyi ilə bağlı hələ qərar qəbul etməyib. Bu da o anlama gəlir ki, Obama üçün erməni məsələsi elə də böyük əhəmiyyətə malik deyil. Eyni zamanda ABŞ Türkiyənin Yaxın Şərqdəki rolun dərk edir. ABŞ getdikcə başa düşür ki, onun regionda Türkiyədən başqa müttəfiqi yoxdur. Bütün bu amilləri nəzər alaraq Obama soyqırım ifadəsini işlətməyəcək”.
Kamran