“Bu obrazdan sonra bəzi insanların nifrətini qazandım, hətta təhqiramiz fikirlər yazanlar da oldu. Onlara başa sala bilmirdim ki, bu, obrazdır, real həyatda olan mən deyiləm”.
Bunu tanınmış aktyor Niyaz İlyasoğlu Yenicag.az-a açıqlamasında deyib.
“Yuxu kimi” serialında oynadığı Cövdət obrazına görə təhqirlərə məruz qalan aktyor əvvəllər buna görə qıcıqlansa da, sonradan adi hal kimi baxdığını bildirib:
“Sözün düzü, mənə həvalə olunan Çövdət obrazının birmənalı qarşılanmayacağı, tənqidlərə, hətta təhqirlərə məruz qalacağı əvvəlcədən də məlum idi. Amma bu, mənim sənətimdir və düşünməmişəm ki, hər zaman müsbət obrazlar oynayım və yaxşı oğlan kimi görünüm. Təəssüf ki, elə aktyorlar var, “yalnız müsbət obrazlar yaratmaq üçün doğulmuşam” deyib, müsbət obrazlara can atırlar. Söhbət yalnız azərbaycanlı deyil, dünya çaplı aktyorlardan da gedir. Hesab edirəm ki, peşəkar aktyor həm müsbət, həm də mənfi obrazları oynamalıdır. Bu baxımdan mənə həvalə olunan mənfi obrazı həvəslə oynayıram və tamaşaçı qınağı və təzyiqini də əvvəlcədən gözə almışam”.
Canlandırdığı obraza görə getdiyi yerlərdə və sosial şəbəkələrdə təzyiqlərə tuş gələn aktyor həyatda tam fərqli insan olduğunu deyib:
“Cövdət qarışıq, gözlənilməz addımları ilə fərqlənən bir obrazdır. Bacardığım qədər öhdəsindən gəlməyə çalışmışam. Ssenaristlərimiz və rejissorlarımızın da əməyi çoxdur, sağ olsunlar. İlk vaxtlarda bu obrazım çox aqressiv qarşılansa da, sonralar nifrətlə bərabər sevməyə də başladılar. Yazıb təhqir edənlər də var. Göstərilən münasibətlərin cahillikdən irəli gələn səbəbləri də var. Əvvəllər buna görə narahat olurdum, qıcıqlanırdım, sonra başa düşdüm ki, fikir verməmək daha yaxşıdır. Bədii təxəyyül olduğunu anlayan tamaşaçıların sayı da çoxdur. Hətta qarşılaşanda aqressiyasını gülüşlə gizlədən insanlara da rast gəlirəm. Bir dəqiqə söhbət edir və etiraf edir ki, sən həyatda başqa cür insansanmış, amma mən seriala baxanda sənə nifrət edirdim. Çətinlik ondadır ki, bundan sonra müsbət obraz oynasam, tamaşaçı məni yaxşı insan kimi gec qəbul edəcək”.
Cəvahir
www.yenicag.az