!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öcalandan TARİXİ ÇAĞIRIŞ: PKK silahı buraxacaq, yoxsa... – Rəfi Müslümov yazır

!Reklam – Yazi

PKK terror təşkilatının lideri Abdullah Öcalanın İmralı həbsxanasından təşkilat üzvlərinə silahı yerə qoymaq çağırışı etməsi ilk baxışdan tarixi bir hadisə kimi qiymətləndirilə bilər. Lakin bu çağırışın real təsiri və nəticələri ciddi suallar doğurur.

Hesab edirəm ki, Öcalanın bəyanatı hər nə qədər sülh mesajı kimi səslənsə də, PKK-nın mahiyyəti və fəaliyyəti nəzərə alındıqda, bu cür çağırışların praktikada heç bir təsirinin olmayacağı aydın görünür. Tarix göstərir ki, Öcalan 1999-cu ildə Türkiyə Milli Kəşfiyyat Xidməti (MİT) tərəfindən həbs edildikdən sonra da PKK-nın fəaliyyətində fundamental dəyişiklər baş verməyib. Əksinə, təşkilat illər ərzində daha da genişlənərək Suriya və İraqda öz mövqelərini gücləndirib. Türkiyə Silahlı Qüvvələrinin davamlı antiterror əməliyyatlarına baxmayaraq, PKK bu günə qədər fəaliyyətini müxtəlif formalarda davam etdirir.

PKK-nın yalnız dağlarda fəaliyyət göstərən bir qruplaşma olduğu fikri də həqiqətə uyğun deyil. Bu terror təşkilatı təkcə silahlı mübarizə aparmır, eyni zamanda, Türkiyə siyasətinə, ictimaiyyətinə, media sektoruna, akademik dairələrə və hətta bəzi dövlət qurumlarına da sızıb. Belə bir dərin kökləri olan təşkilatın yalnız bir liderin çağırışı ilə tərksilah olacağını düşünmək, mənə elə gəlir ki, sadəlövhlük olardı.

Bundan başqa, PKK-nın siyasi səhnəyə inteqrasiya edilməsi məsələsi də mübahisəlidir. Bu təşkilatın müxtəlif siyasi vasitələrlə leqallaşdırılmağa çalışıldığı müşahidə edilir. Məsələn, Salih Müslüm kimi PKK-ya yaxın fiqurlar siyasi mübarizə aparmaq üçün onlara imkan yaradılmasını tələb edirlər. Lakin keçmiş təcrübə göstərir ki, bu cür təşəbbüslər daim nəticəsiz qalıb. Məsələn, Səlahəddin Demirtaşın həbsi və Demokratik Toplum Partiyası ilə Barış və Demokratiya Partiyasının bağlanması bu istiqamətdə atılan addımların qarşısının alındığını sübut edir.

Hər nə qədər eyforiyaya qapılan bəzi kütlə bunu dansa da, PKK-nın siyasi yolla bitirilməsi mümkünsüz görünür. Türkiyə dövlətinin müxtəlif vaxtlarda apardığı dialoqların nəticəsiz qalması da bunu təsdiqləyir. 2013-cü ildə Abdullah Öcalanın Novruz bayramında PKK-ya Türkiyə sərhədlərini tərk etmə çağırışı etməsi və ardınca təşkilatın liderlərindən Murad Karayılanın geri çəkiləcəklərini bəyan etməsini xatırlayaq. Sonda nə oldu? Bu proses də real nəticə doğurmadı. Həmin ilin iyun ayında dövrün Baş naziri olmuş Rəcəb Tayyib Ərdoğan PKK-nın yalnız 15%-nin geri çəkildiyini etiraf edərək onların sülh prosesini pozduğunu bildirdi. Nəticədə isə sentyabr ayında PKK geri çəkilmə prosesini tamamilə dayandırdı.

PKK-nın daxilində Öcalanın nüfuzunun olub-olmaması məsələsinə gəldikdə, bu təşkilatın əsas rəhbər fiqurlarının onun təsiri altında olmadığı məlumdur. Cəmil Bayıkın bir zamanlar verdiyi bəyanatda Öcalanın həbsxanada tam nəzarət altında olduğunu və heç bir strategiya formalaşdıra bilmədiyini deməsi də bunu təsdiqləyir. Öcalan PKK üçün tarixi bir simvol olaraq qalır, lakin real güc artıq başqalarının əlinə keçib.

Türkiyə siyasətində kürd siyasi hərəkatının rolunu da nəzərə almaq lazımdır. Bugünkü reallıqda bu hərəkatın əsas siması Öcalan deyil, Səlahəddin Demirtaşdır. 2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyə seçkilərində Əkrəm İmamoğlunun qələbə qazanması da kürd elektoratının siyasi gücünü göstərdi. Əgər PKK siyasi səhnəyə dönərsə, bu, Demirtaşın təsir dairəsini daha da genişləndirəcək.

Nəticə etibarilə, PKK-nın yalnız Öcalanın çağırışı ilə silahı yerə qoyacağına inanmaq real deyil. Təşkilatın sıradan çıxarılması üçün təkcə hərbi əməliyyatlarla kifayətlənmək olmaz, eyni zamanda da onun ideoloji və sosial dayaqlarını da sarsıtmaq lazımdır. PKK-nın Türkiyə dövlətinə yaratdığı təhdid hələ də qalır və bu təhlükə aradan qaldırılmayana qədər mübarizə davam edəcək.

www.yenicag.az

103
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv