Elm və Təhsil Nazirliyində 3,4 milyonluq TENDER: Nazirlik mövcud sistemlərə niyə hər il milyonlar xərcləyir?
Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən elan edilən və dəyəri 3 milyon 416 min manatı keçən tender ictimaiyyətdə ciddi suallar doğurub.
Yenicag.az xəbər verir ki, “Rəqəmsal həllərin formalaşdırılması, modernləşdirilməsi və dayanıqlı fəaliyyətinin təmin edilməsi xidmətləri” adı altında keçirilən bu tender, ölkənin təhsil sektorunda ən iri məbləğli rəqəmsal satınalmalardan biri hesab olunur. Ekspertlər hesab edirlər ki, bu qədər böyük vəsaitin bir paket çərçivəsində cəmlənməsi şəffaflıq baxımından ciddi risklər yaradır.
Tender sənədlərinə əsasən, onlarla portal və informasiya sistemi üzrə texniki dəstək, operatorluq, stress testlər, API hazırlanması və süni intellekt (AI) inteqrasiyası kimi xidmətlər eyni müqavilə çərçivəsində nəzərdə tutulub. Mütəxəssislər bildirirlər ki, bu cür geniş və müxtəlif xidmətlərin tək bir tenderdə birləşdirilməsi real rəqabəti azalda və yalnız məhdud sayda şirkətin iştirakına imkan yarada bilər. Bu isə öz növbəsində bazar qiymətlərinin şişirdilməsi ehtimalını gündəmə gətirir.
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, tenderin əsas hissəsi mövcud sistemlərin texniki dəstəyi və operatorluq xidmətlərinə yönəlib. Halbuki həmin platformaların əksəriyyəti illərdir fəaliyyət göstərir və əvvəlki dövrlərdə də oxşar xidmətlər üçün milyonlarla manat xərcləndiyi məlumdur. Bu fonda haqlı sual yaranır:
Mövcud sistemlər niyə hələ də dayanıqlı hesab edilmir və hər il yenidən milyonluq texniki dəstəyə niyə ehtiyac duyulur?
Bundan əlavə, “Rəqəmsal məktəb” platformasında AI (süni intellekt) köməkçisinin yaradılması, yeni BI panelləri, mobil tətbiqlər üçün onlarla API hazırlanması kimi işlərin texniki detallarının və real dəyərinin ictimaiyyətə açıqlanmaması narahatlıq doğurur. Vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, nazirliyin 3 milyonluq tenderi daha açıq izahlar, detallı texniki əsaslandırma və nəticəyə yönəlik hesabatlılıq tələbi ilə müşayiət olunmalıdır. Əks halda, bu layihə də əvvəlkilər kimi “bahalı, amma nəticəsi qeyri-müəyyən” işlər siyahısına düşə bilər.
Yenicag.az












