Orta Şərqdə qanlı ŞAHMAT: Türkiyə-Suriya ittifaqı İsrailin planını necə darmadağın etdi?
Yeşim Eryılmaz, telejurnalist, analitik, xüsusi olaraq “Yeni Çağ” üçün

Suriyada bu gün baş verənlər sadəcə bir keçid dövrü deyil, regionun onilliklərini müəyyən edəcək qanlı bir şahmat oyununun finalıdır. Artıq yeni dönəm başlayır və bu yeni dönəmdə köhnə oyunçulara yer yoxdur. O cümlədən, SDG-yə (Suriya Demokratik Qüvvələri).
Terrorun coğrafi zirehi: Həsəkə, Qamışlı və Kandil xətti
Suriya ordusu SDG/PKK terror təşkilatını, demək olar ki, bütün ərəb bölgələrindən söküb atdı. Ancaq SDG/PKK hələ də Suriyanın şərqində küçə-küçə, kənd-kənd kürd etnik kimliyini istismar edərək özünə zireh yaratmağa çalışır. Həsəkə, Ayn əl-Ərəb, Qamışlı, Amudə və Derik hövzələrində silahlı mövcudluğunu qoruyan bu struktur, terrorun logistik ana damarıdır. İraq sərhədindəki keçidləri nəzarətdə saxlayan, Mahmur, Sincar, Qara, Süleymaniyə və Kandil xəttində yuvalanan bu güc təmizlənmədikcə, Suriyada sülhdən danışmaq tezdir.
İsrailin “İkinci cəbhə” strategiyası
İsrail Suriyanın cənubunda öz təhlükəsizlik zonasını möhkəmləndirmək üçün şimalda xaosun bitməməsini yeganə çıxış yolu kimi görür. Kəşfiyyat məlumatları təsdiqləyir ki, Tel-Əviv SDG daxilindəki radikal qrupları həm maliyyə, həm də silahla stimullaşdıraraq onların Suriya hökuməti ilə anlaşmalarını pozmağa nail oldu. Məqsəd Suriya ordusunun və Türkiyənin diqqətini tamamilə şərqə cəlb edib, cənubu İsrailin hərbi manevrləri üçün müdafiəsiz qoymaq idi. Çünki İsrail üçün SDG-nin Dəməşqlə tam inteqrasiyası öz təhlükəsizlik planlarının iflası deməkdir. Məhz bu səbəbdən də SDG-nin 10 mart anlaşmasına əməl etməyərək, Dəməşq hökumətinə baş qaldırmasına nail oldu.
İsrailin planına qarşı Ankara-Dəməşq koordinasiyası
Lakin bu dəfə İsrailin planı gözlənilməz bir qayaya rast gəldi. Ankara və Dəməşq, ABŞ-ın da “İŞİD təhlükəsi” səbəbindən müəyyən dərəcədə göz yumduğu strateji tərəfdaşlıq nümayiş etdirir. Türkiyənin kəşfiyyat dəstəyi və Suriya ordusunun sahədəki hərəkətliliyi İsrailin SDG vasitəsilə yaratmaq istədiyi “daxili müharibə” ssenarisini pozmağa başlayıb.
Suriya dövləti Türkiyənin dəstəyi ilə Fəratın şərqinə doğru “yumşaq” deyil, “cərrahi” hərbi həmlələr edərək strateji nöqtələri geri alır. Bu əməliyyatlar SDG-nin nəzarətində olan strateji infrastrukturun və təchizat yollarının mərhələli şəkildə dövlətin əlinə keçməsini təmin edir. Hazırda əsas diqqət Fəratın şərqindəki “iqtisadi ürək” hesab olunan Deyr-əz-Zorun şimal kəndlərinə və ölkənin ən böyük enerji qaynağı olan Əl-Ömər neft yatağı ətrafındakı nəzarət nöqtələrinə yönəlib.
Eyni zamanda, Türkiyənin koordinasiyası ilə Raqqanın şimalında, xüsusilə Təl-Abyad və Ayn-İsa arasındakı strateji keçid marşrutlarında Suriya ordusunun xüsusi təyinatlıları yerləşməyə başlayıb ki, bu da terror təşkilatının hərbi hərəkətliliyini iflic edir. Ən mühüm irəliləyişlərdən biri isə Qamışlı aeroportu ətrafındakı təhlükəsizlik zolağının genişləndirilməsi və M4 magistral yolunun kritik qovşaqlarının SDG-nin “yol kəsən” qruplarından təmizlənməsidir.
İraq sərhədində “Kəşfiyyat kilidi” və PKK-nın nəfəsliyinin kəsilməsi
Bu əməliyyatların ən böyük strateji hədəfi SDG-nin İraqdakı PKK düşərgələri (Kandil, Sincar, Mahmur) ilə olan fiziki bağını qırmaqdır. Suriya ordusunun Türkiyə ilə koordinasiyalı şəkildə Əl-Yarubiyyə və Əl-Qaim sərhəd keçidləri arasındakı “boz zonaları” nəzarətə götürməsi, terror təşkilatının həm silah-sursat, həm də canlı qüvvə dövriyyəsini iflic edib. Türkiyənin PUA dəstəyi ilə həyata keçirilən bu nəzarət, PKK-nın İraqdan Suriyaya hər hansı ciddi logistik dəstək göndərməsini qeyri-mümkün edir.
Enerji müharibəsi: Neft yataqlarının “yumşaq” təhvil-təslimi
Suriya hökumətinin bu məsələdə ən böyük uğuru ölkənin SDG-nin nəzarətində olan enerji bazasını geri almasıdır. Suriya ordusu birbaşa böyük toqquşmalara girmədən, neft və qaz yataqlarının (xüsusilə Əl-Ömər və Konoko) ətrafındakı təchizat yollarını kəsərək problemi həll etdi. “Maliyyəsiz qalan terrorçu döyüşə bilməz” prinsipi ilə hərəkət edən Dəməşq, bu yataqları idarə edən texniki heyəti öz tərəfinə çəkməklə SDG-ni faktiki olaraq “boş qalan boru xətləri” ilə baş-başa qoyur.
ABŞ İsraili və PKK-nı meydanda tək qoyur
Bu nöqtədə ən maraqlı detal ABŞ-ın (CENTCOM) reaksiyasıdır. Suriya ordusu strateji nöqtələrə girdikcə, Amerika əsgərləri ilə qarşı-qarşıya gəlməmək üçün Türkiyə üzərindən “de-konfliktion” (münaqişəsizlik) kanalları işlədilir. Vaşinqton artıq dərk edir ki, Suriya dövləti Türkiyənin zəmanəti ilə bu bölgələrə qayıdır. Bu, ABŞ üçün həm bir çıxış bəhanəsidir (“Dövlət gəldi, mən çıxıram”), həm də SDG-yə verilən “artıq tək qalmısınız” mesajıdır.
İsrailin planının iflası: Cənubdan şərqə qayıdan iradə
İsrailin SDG-ni Dəməşqə qarşı “ikinci cəbhə” kimi istifadə etmək cəhdi, Suriya ordusunun şərqdəki sürətli uğurları ilə boşa çıxır. İsrail ümid edirdi ki, Dəməşq şərqdə bataqlığa saplanacaq və cənubu unudacaq. Lakin Türkiyənin şimaldan terroru sıxışdırması Suriya ordusunun əlini gücləndirdi və İsrailin “vəkil müharibəsi” planını masada bitirdi.
Finala doğru addımlar
MHP lideri Dövlət Baxçalının etdiyi çağırış sahədəki bu mənzərənin siyasi möhürüdür. Suriya dövləti strateji nöqtələri aldıqca, SDG/PKK üçün geriyə sadəcə iki yol qalır: ya silahı yerə qoyub dövlətin tərkibində ərimək, ya da Türkiyə və Suriyanın birgə hərbi əməliyyatı ilə tamamilə məhv olmaq.
Dövlət Baxçalının səsləndirdiyi “Terror təşkilatı üçün təslim olmaqdan başqa heç bir yol qalmamışdır” ifadəsi, sahədəki hərbi planlamanın diplomatik kodudur. Bu bəyanat həm Vaşinqtona, həm də Tel-Əvivə verilən ən sərt xəbərdarlıqdır: Türkiyə üçün artıq “dayəlik” dövrü bitib.
Bıçaq sümüyə dayananda: Trump və 2019-cu ilin kölgəsi
Əgər İsrailin təhriki ilə SDG dirənişi davam etdirsə, Tramp rəhbərliyi yenidən 2019-cu ildəki iqtisadi təhdidlərlə Türkiyənin qarşısını kəsməyə cürət edəcəkmi? Lakin bu gün şərtlər fərqlidir. Türkiyə artıq sahədə tək deyil, legitim Suriya hökuməti ilə koordinasiyalıdır. ABŞ-ın öz “proksi”lərini qorumaq üçün həm Türkiyəni, həm də yeni Suriyanı qarşısına alması, bölgədəki bütün Amerika varlığının sonu mənasına gələ bilər.
Bir filmin sonu
Suriya ordusunun Türkiyənin kəşfiyyat və logistik dəstəyi ilə birlikdə Fəratın şərqində həyata keçirəcəyi “Böyük Təmizlik” əməliyyatı, SDG/PKK-nın strateji dərinliyini yox edərək onları səhra və yaşayış mərkəzləri arasında sıxışdırıb tam təslimiyyətə məcbur etməyi hədəfləyir. Bu ssenaridə Türkiyənin PUA-ları və radio-elektron mübarizə (REM) sistemləri terror təşkilatının rabitə şəbəkəsini sıradan çıxararkən, Suriya ordusunun zirehli bölmələri neft yataqlarını və strateji M4 magistralını tam nəzarətə götürərək İsrailin “proksi dövlətçilik” xəyalını yerlə bir edir. Tel-Əvivin bu prosesi dayandırmaq imkanları artıq kritik dərəcədə məhdudlaşmışdır.












