Olimpiya oyunlarının ölkəmizə faydası olacaq? – Sorğu

media-hightechnic-468x90

Baku2015Bildiyimiz kimi bu ilin iyun ayında Bakıda Avropa oyunları keçiriləcək. Artıq, oyunların keçirilməsi üçün nəzərdə tutulan Olimpiya stadionunun tikintisi başa çatıb. Ancaq belə hesab edirlər ki, bəzi dairələr indidən bu oyunlara kölgə salmağa çalışır. Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi əleyhinə təbliğat aparırlar. Ətbəttə ki, bu hadisə Azərbaycan üçün böyük tarixi fürsətdir.Ölkəmizin mədəniyyətinin,tarixinin,bir sözlə ictimai həyatının Avropaya tanıdılmasında böyük rol oynayacaq.

“Müsbət Dəyişikliklər” Gənclər Hərəkatının həmtəsisçisi Bəxtiyar Hacıyev hesab edir ki, Azərbaycanın Avropa Oyunları vasitəsi ilə dünyada necə tanınacağı bir neçə məsələdən asılı olacaq. “Birincisi, oyunlara nə qədər turistin gəlməsindən asılıdır. İzləyicilərin sayının daha çox olması üçün, mütləq Azərbaycana viza prosesi sadələşdirilməli və sürətləndirilməli, hava və digər nəqliyyat imkanları artırılmalı, ucuzlaşdırılmalıdır. Hər bir halda, dünya mediası bir müddət bu tədbiri işıqlandıracaq. Lakin, indidən görürük ki, dünya mediası Avropa Oyunları ilə bağlı xəbərlərində təkcə Azərbaycandakı tədbirə yox, həm də digər problemlərə toxunur. Məsələn, xəbərlərin bir hissəsi oyunlar haqqında olsa da, digər hissəsində siyasi məhbuslar haqqında, söz azadlığının məhdudlaşdırılması haqqında yazılır. Eyni zamanda, küçə itlərinin öldürülməsi və yandırılması ilə bağlı da xəbərlər getdi. Düşünürəm ki, böyük xərc hesabına təşkil olunan Avropa Oyunlarının Azərbaycanı necə tanıdacağı həm də Azərbaycan hakimiyyətinin öz əlindədir. Novruz bayramı ərəfəsində adı siyasi məhbus siyahısında olanlar əfv edilsə, müəyyən müsbət islahatlar getsə, xəbərlərin yarısı Azərbaycanın tənqidinə yönəlməz”.

ASGA sədri Səbuhi Abbasov isə düşünür ki, “İdman və mədəniyyət sahəsində həyata keçirilən istənilən beynəlxalq tədbir birmənalı şəkildə ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Məsələyə başqa tərəfdən də yanaşmaq lazımdır. Bu tip beynəlxalq tədbirlərin hər ölkədə reallaşma imkanı da yoxdur. Bununçün ölkə xüsusi tələb olunan meyarlara cavab verməlidir. Burada həm siyasi, həm iqtisadi həm də sosial amillər var. Azərbaycan isə dünyanın müasir tələblərinə cavab verə biləcək səviyyədə inkişaf edib və etməkdədir. Əslində Azərbaycan dünyada ilklərin əsasını qoyan dövlətdir. Bundan öncə reallaşan Avrovisiya yarışmasında Avropa bir çox yenilikləri kəşf etdi. Bakı 2015 İlk Avropa oyunlarında da eyni nəticə ilə qarşılacağıq. Bundan başqa bu ölkənin təbliğinə və təşviqatına xidmət edir. Onlarla ölkə Azərbaycan haqqında olan təsəvvürləri al-üst olacaqdır. Bu amil eyni zamanda gələcək nəslin dünyaya inteqrasiyasına imkan yaradır. Çox təəssüf ki, bəzi bəlli beynəlxalq qruplar və onların ölkəmizdəki tulaları Bakı 2015-ə qara yaxma kompaniyasına başlayıblar və bu proses çox güman ki, davam edəcək. Lakin ölkənin sağlam gəncliyi və sağlam mediası bu qarayaxmanı ifşa edəcəyindən və dünyaya əsl həqiqətləri çatdıracağından heç bir şübhəm yoxdur. Məndə öz növbəmdə bütün mümkün resurslarımdan istifadə edib bu istiqamətdə fəaliyyətimi qurmuşam. Bu müharibə əsas tvitter sosial şəbəkəsində gedir. Gənclərimizin bu mənada fəal olması çox lazımdır. Həm Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti birmənalı şəkildə ermənipərəst qüvvələr tərəfindən bəyənilmir. Məhz bu səbəbdən də tez-tez Azərbaycanda insan hüquqlarının, söz-mətbuat azadlığının olmaması barədə hesabatlar hazırlayırlar. Bunun əsas səbəbi isə ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək, diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmaqdan ibarətdir. Lakin biz birmənalı şəkildə təmin təşkilatlaran tələb edirik ki, 1 milyon qaçqın və məcburi köçkünlərin, o cümlədə Xocalıda, Ağdabanda və digər bölgələrimizdə həyata keçirilən soyqırımlara hüquqi qiymət verilsin, insanlarımızın hüquqları bərpa olunsun. Yalnız bundan sonra onlar bizlərlə əməkdaşlıq edə bilərlər”.

Müsavat.com saytının baş redaktoru Xalid Kazımlı da düşünür ki, “bu tip qitə miqyaslı yarışlar gənc respublikasının beynəlxalq arenada tanınması, yerinin möhkəmlənməsi baxımından faydalıdır. Ancaq bu iki şərtlə riayət edildikdə faydalı ola bilər. 1. Bu cür tədbirlərə xərclənən pullar geri qayıtsın, yəni tədbirin astarı üzündən baha gəlməsin. 2. Ölkənin reputasiyasına xələl gətirən proseslər getməsin, hadisələr baş verməsin. Bir ölkədə hər il olimpiya oyunları, mundiallar keçirmək olar, ancaq ölkədə siyasi fəallar təqib olunursa, seçkilər saxtalaşdırılırsa, korrupsiya tüğyan edirsə, bütün bu beynəlxalq tədbirlərin elə bir faydası olmayacaq”.
Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600