Omanda ABŞ və İran arasında NƏ DANIŞILDI? – “Məqsəd ondan ibarətdir ki, nüvə məsələləri bitsin”
“Donald Trampın hədəfi nüvə silahının sayını azaltmaq və nüvə təhlükəsini aradan qaldırmaqdır”.
Bu fikri İranla ABŞ arasında İranın nüvə proqramı ilə bağlı görüşün keçirilməsi, növbəti görüşün isə Romada baş tutacağı barədə iddiaların yayılması və gözlənilənləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, Trampın əsas hədəfi nüvə silahından istifadəni dayandırmaqdır:
“Donald Trampın modeli belədir: təhdid və masaya oturtmaq. Hansı ki, bu model də işləyir. İranla ABŞ arasında Omanda keçirilən görüş tərəflər üçün uğurlu alındı. Əvvəldən İran tərəfi bildirirdi ki, vasitəçisiz görüş istəyirlər. Omandakı görüş İstanbulda baş tutan Qara dəniz taxıl anlaşması modeli kimi baş tutdu. Hər iki ölkənin nümayəndələri başqa otaqlarda oturdu”.
Y. Bağırzadə diqqətə çatdırıb ki, İran xarici işlər nazirinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə 8-10 dəqiqəlik görüşü oldu:
“ABŞ tərəfi görüşdən sonra bildirdi ki, birbaşa kontaktda olduq. İran tərəfi isə birbaşa görüşün olmadığını bildirdi. Ancaq iki şəxsin görüşünün olması dəqiqdir. Faktiki olaraq, tam səlahiyyət verilmiş iki dövlət nümayəndəsinin görüşməsi 1979-1980-ci ildən bəri birinci dəfə idi. Burada bir neçə məsələ var ki, ABŞ bütün görüşlərdə bir modellə işləyir. ABŞ uranın zənginləşdirilməsi ilə əlaqədar prosesin dayandırılması, yaxud 60 faizdə aparılmasını təklif edir. Vaşinqton əvvəllər İranın uzaqmənzilli ballistik raketlərinə narazılıq edirdi. Hətta ABŞ prezidenti Corc Buş zamanında Böyük Britaniyanın Baş nazirinə dedi ki, İran HƏMAS, “Hizbullah” və husiləri maliyyələşdirməyi bitirsin”.
Siyasi analitik aydınlaşdırıb ki, Omandakı görüşdə ABŞ nə ballistik raket adını çəkdi, nə də proksilərin maliyyələşdirməsi yönündə fikir səsləndirdi:
“ABŞ açıq mətnlə dedi ki, konkret uranın zənginləşdirilməsini dayandır. Hətta bunun müqabilində İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan götürüləcəyinin mesajını verdi. Fikrimcə, bu proses iki ay çəkəcək. İki aya, yaxud tez zamanda razılıq əldə olunacaq. Əsas məsələ ondan ibarətdir ki, prosesə başqa tərəf cəlb olunmur. 2015-ci ildəki birinci görüşdə üçüncü tərəf kimi Avropa İttifaqı çıxış edirdi. Donald Trampın birinci dönəmində ABŞ bu formatdan çıxdı və formatda yalnız Avropa İttifaqı ilə İran qalmışdı. İndi isə Avropa İttifaqının adı çəkilmir. Tramp Avropa İttifaqını saya salmır. Birmənalı şəkildə görüşlərə kənar qüvvələr müdaxilə etməsə, məhsuldar olacaq”.
“İrana qarşı sanksiyalara gəldikdə, ABŞ-dən başqa Avropa dövlətlərinin də bu ölkəyə sanksiyaları var. Böyük ehtimalla, gələcək görüş yenə Omanda olacaq. Növbəti görüş, yəqin ki, İtaliyada, yaxud Avropanın hansısa ölkəsində olmayacaq. Məqsəd ondan ibarətdir ki, nüvə məsələləri bitsin. Bundan sonra nüvə ilə bağlı Rusiya ilə ABŞ, İranla ABŞ, ABŞ ilə Çin, hətta Şimali Koreya ilə ABŞ arasında sazişlər bağlana bilər. Hədəf nüvə silahının sayını azaltmaq, nüvə təhlükəsini aradan qaldırmaqdır. Donald Tramp buna nail olacaq. Digər məqsəd isə İran vasitəsi ilə neftin qiymətinin aşağı salınmasıdır”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd