Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar paytaxtdakı ümumi təhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a verilən məlumata görə, təhsil nazirinin əmrinə əsasən, keçirilən müsabiqənin əsas məqsədi müstəqil Azərbaycanın dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.
IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin Bakı şəhəri üzrə 4 mərhələdə keçirilməsi nəzərdə tutulur. Müsabiqənin məktəbdaxili mərhələsi 7-28 fevral 2019-cu il tarixlərini əhatə edəcək.
Məktəbdaxili mərhələni uğurla keçən şagirdlər 1-13 mart 2019-cu il tarixlərində keçiriləcək rayon mərhələsinə qatılacaqlar. Paytaxtda rayon mərhələsinin qalibləri 14-19 mart 2019-cu il tarixlərində təşkil olunacaq şəhər mərhələsinə keçmək hüququ qazanacaq. Bakı şəhər mərhələsində uğur qazanan 12 ən yaxşı təqdimatçı aprel ayında keçiriləcək ölkə mərhələsində iştirak hüququ əldə edəcək.
Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, ulu öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.
Müsabiqə zamanı hər bir iştirakçının çıxışı maksimum 10 balla qiymətləndiriləcək.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində müsabiqənin təşkili və keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.
www.yenicag.az