Azərbaycanda son dönəmlərdə film çəkilmir, kino yoxdur deyənlərin çoxu elə dövlət vəsaiti hesabına film çəkənlərdir”.
Bunu tanınmış prodüser, rejissor və aktyor Orxan Mərdan Yenicag.az-a açıqlamasında deyib.
“Qafqaz”, “Xoxan”, “Naxox”, “İkinci pərdə”, “Qaragöz”, “Zəhər tuluğu” və digər filmlərin müəllifi olan Orxan Mərdan son vaxtlar gənclərin istehsal etdiyi filmləri bəyənməyən, onları qeyri-peşəkarlıqda suçlayan yaşlı kino xadimlərinin tənqid və iradlarına cavab verib. Prodüser onların fikirləri ilə razılaşmadığını bildirib:
“Azərbaycanda kino yoxdur, çəkilmir fikirləri müəyyən vaxtlarda kinoya can verən, illərini kinoya həsr edən insanlar tərəfindən səsləndirilir. Biz uzun illərdir o fikirləri səsləndirən ağsaqqal və ağbirçəklərin məhv etdiyini dirçəltməyə çalışırıq. Azərbaycan kinosunun hansı beynəlxalq milli uğurlarından, yüksəlişindən söhbət gedirdi ki, gənc nəsil gəldi onu alt-üst etdi? Yaxud da qeyri-peşəkar səviyyəyə endirdi? Biz bu sahədə sürünürdük, hərçənd ki, dövlət bu iş üçün illərdir milyonlarla vəsait xərcləyir. Lakin xərcləməyinə baxmayaraq, heç bir irəliləyiş yox idi. Biz gənclərdə istehsal etdiyimiz filmin məzmun və keyfiyyətindən asılı olmayaraq nəsə etmək cəhdi var. İnsanların da bu filmlərə tələbatı və istəyi var. Gənclər bunu birmənalı şəkildə dövlət vəsaiti deyil, öz imkanları hesabına edirlər. Onların peşəkarlıq səviyyəsi təcrübəyə bağlıdır. Nə qədər çox filmlər çəkildikcə, daha çox cəhdlər edildikcə, hər kəsin də peşəkarlıq səviyyəsi artacaq. Azərbaycan gəncliyi, kino ilə maraqlanan istənilən gənc heç də qeyri-peşəkar deyil. Onların istedadından heç kimin şübhəsi ola bilməz. Azərbaycan kinosu qocaların əlindən xilas ola bilsə, kino sənayesi üçün zəmin yaradılsa, qısa müddət ərzində böyük uğurlar əldə edə biləcəklər. Bunu da, əmin olsunlar ki, onların istedadsız dedikləri o gənclər edəcəklər”.
Cəvahir
www.yenicag.az