“Özünə sadiq ömür: Anarsız 15 il” – Anar Məmmədxanovun xatirəsinə həsr olunan tədbir keçirildi - FOTO/VİDEO
Bakı Kitab Mərkəzində əfsanəvi “Parni iz Baku” komandasının kapitanı, tanınmış ictimai xadim və Milli Məclisin sabiq deputatı Anar Məmmədxanovun həyat və yaradıcılığına həsr olunmuş “Özünə sadiq ömür: Anarsız 15 il…” adlı anım tədbiri keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı Səməd Seyidov, “Xəzər Media Mərkəzi”nin rəhbəri, Xalq artisti Murad Dadaşov, Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov, eləcə də ictimai xadimlər, media nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Murad Dadaşov Anar Məmmədxanovla bağlı xatirələrini bölüşüb. O, mərhumun sənətə baxışından, səmimi dostluğundan və birgə fəaliyyət illərindən bəhs edərək, onun Azərbaycan gəncliyi üçün örnək olduğunu vurğulayıb.
Daha sonra mərhumun xanımı İradə Məmmədxanova çıxış edərək Anar Məmmədxanovun ailə dəyərlərinə verdiyi önəmdən və onun həyat fəlsəfəsindən danışıb.
Xalq yazıçısı Elmira Axundova çıxış edərək Anar Məmmədxanovun ömür yoluna həsr etdiyi “Kapitanın taleyi” kitabı haqqında məlumat verib. Müəllif qeyd edib ki, oxucular tərəfindən rəğbətlə qarşılanan bu əsər artıq Azərbaycan dilinə tərcümə olunaraq kütləvi istifadəyə verilib.
Anım mərasimi çərçivəsində Anar Məmmədxanovun parlaq fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Sonda çıxış edən incəsənət nümayəndələri onun Azərbaycan mədəniyyətindəki əvəzsiz rolunu bir daha vurğulayaraq, xatirəsini ehtiramla yad ediblər.
Samir Məcidov













