Pakistan dünya ictimaiyyətini öz ərazisindəki terrorçularla mübarizədə ona dəstək verməyə çağırıb.
Yenicag.az istinadən xəbər verir ki, İslamabadı terror təşkilatlarına sığınacaq verməkdə ittiham edən ölkələrə edilən bu müraciəti Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur CNN telekanalı vasitəsilə ünvanlayıb.
Pakistan ordusunun rəsmisi qeyd edib ki, bu ölkənin ərazisindən hər hansı dövlətə silahlı hücumlar İslamabadın da mənafeyinə ziddir. Onun sözlərinə görə, ABŞ başda olmaqla, dünyanın inkişaf etmiş ölkələri silahlı qruplaşmaların zərərsizləşdirilməsi üçün Pakistana maliyyə və texnoloji yardım göstərməlidir. A.Qafur əlavə edib ki, Kəşmir bölgəsinin Pulvama rayonunda fevralın 14-də baş vermiş insidentin Pakistan hökuməti ilə heç bir əlaqəsi yoxdur. “Ceyş-ə-Məhəmməd” terror təşkilatı Pakistan ərazisində fəaliyyət göstərmir və bu faktın BMT-də təhrif olunması düzgün deyil”, -deyə ordu rəsmisi vurğulayıb. O əlavə edib ki, son günlər Pakistan təhlükəsizlik xidmətlərinin apardıqları əməliyyatlarda silahlı qruplaşmaların 44 üzvü həbs edilib.
BMT-nin İnsan Haqları Komissiyasının Pulvamada baş vermiş insident haqqında hesabatını tənqid edən A.Qafur əlavə edib ki, Hindistan hərbi aviasiyasının hava zərbələri ən çox bölgədəki dinc sakinlərin həlak olmasına və yaralanmasına səbəb olur./AZƏRTAC/
www.yenicag.az