“Partiyadan getməsi məni məyus etdi”
Müsavat Partiyası başqanlığa sabiq namizəd Qubad İbadoğlu Gənclər Təşkilatının sədri Əhliman Abbaslının istefasına münasibət bildirib.
Q.İbadoğlu qeyd edib ki, Əhliman Abbaslının Müsavata gəlməsində onun rolu olsa da, partiyadan getməsini heç vaxt arzulamayıb: “2011-ci ildə Əhliman bəy öz arzusu ilə Müsavat Partiyasını seçdi, onu mənim təqdimatımla Divanda qəbul elədik. Qəbulla bağlı təqdimatdan bəlli oldu ki, onu partiyaya gətirən müsavatçılıq ideologiyası və Azərbaycan amalıdır.
O, Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi istedadlar qrupunda bakalavr, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magisr dərəcəsi alıb. Belə gəncləri müxalif mövqedə olan siyası partiyalarda barmaqla saymaq olar. O, xaricdə təhsil alıb vətənə qayıdanda digər seçimlərə malik olsa da karyera və mənafe ardınca getmədi, başqalarından fərqli olaraq yenə də Müsavata gələrək, yoluna davam elədi. Debütü də pis olmadı, ilk dəfə qoşulduğu seçkilərdə gənclərin böyük əksəriyyətinin səsini qazandı və üzərinə böyük məsuliyyət götürdü”.
Q.İbadoğlu bildirib ki, Ə.Abbaslı həmin məsuliyyəti üzərinə götürdüyü üçün hazırda belə qərar verib: “Çünki, onun məlum qərarı üzərindəki məsuliyyətdən, yalnız özünün yox, daha çox ətrafında olan gənclərin qarşısında götürdüyü öhdəlikləri indiki şərtlər daxilində yerinə yetirə bilməyəcəyi narahatçılığından irəli gəlir. Onlar yeni dönəmdə partiyanın idarəçiliyində təmsil olunmaq və potensiallarını daha yaxşı reallaşdırmaq əzmində idilər. Məhz ona görə də gənclərin son qurultaydan gözləntiləri çox idi.
Əhliman bəy müstəqil düşüncəli, analitik təfəkkürlü və siyasi təhlil qabliyyətinə malik, siyasətdə ideyalarını reallaşdırmaq istəyən və bu prosesə daimi yenilik gətirmək niyyətində olan potensiallı gənclərimizdəndir. Çox təəssüf ki, onu və onun kimi digər müasir dünyagörüşlü və azadfikirli gəncləri partiyada saxlaya bilmirik. Mən onun partiyadan getməsinə, nəinki təəssüflənirəm, həm də partiyanın gələcəyinə acıyıram. Onun Müsavatı seçməsi məni nə qədər sevindirmişdirsə, partiyadan getməsi də bir o qədər məyus etdi. Əslində bunu xaricdə təhsil alıb vətənə qayıdaraq siyasətə baş vuran bir azərbaycanlı gəncin uğursuzluğu kimi deyil. ölkəmizin gələcəyinə verilə biləcək əhəmiyyətli töhfənin itkisi kimi qiymətləndirirəm. İnanıram ki, Əhliman Abbaslı bundan sonrakı fəaliyyətində də vətən sevgisi ilə ilə başladığı mübarizəsini Azərbaycan demokratikləşənə qədər davam etdirəcək”.
Qeyd edək ki, Əhlimab Abbaslı qurultayda keçirilən başqanlıq seçkilərində Qubad İbadoğlunu dəstəkləyib.