Paşinyan Bakıya SƏSLƏNDİ – “Anlayır ki, sülh müqaviləsinin imzalanması sonsuzadək uzadıla bilməz”
“Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları, əslində, daha çox Ermənistan daxilindəki müxtəlif qüvvələrə yönəlmiş mesajlardır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışları fonunda İrəvan və Bakı arasında davam edən sülh danışıqlarını, habelə erməni Baş nazirin təkliflərini şərh edib.
Onun sözlərinə görə, ilk növbədə, nəzərə almaq lazımdır ki, Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir:
“Ermənistanın ikinci şəhəri olan Gümrüdə keçirilən parlament seçkilərində Paşinyanın partiyası məğlub oldu. Müxalifət nümayəndəsi artıq mer seçilib və Paşinyanın təmsilçiləri bu seçkilərə qatılmaqdan imtina ediblər. Bu fakt Paşinyan hakimiyyətinə ciddi mesaj kimi qiymətləndirilə bilər. Çünki məlumdur ki, Paşinyan yeddi il öncə hakimiyyətə qarşı etiraz aksiyasına məhz Gümrüdən başlayaraq nailiyyət qazanmışdı. Yəni Gümrü Ermənistanın siyasi həyatında əhəmiyyətli rola malik bir şəhərdir”.
“Bundan əlavə, Ermənistan daxilində kifayət qədər sayda revanşist qüvvələr var. Onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qarşı çıxır, vəziyyəti gərginləşdirməyə çalışırlar. Sərhəddə baş verən təxribatlar da bu kontekstdə qiymətləndirilməlidir. Bütün bunlar Paşinyanda emosional gərginlik yaradır. Onsuz da kifayət qədər emosional şəxs olan Paşinyan bu təzyiqlər altında qalır və bu, onun çıxışlarına da sirayət edir”, – deyə o, əlavə edib.
O. Qasımov hesab edir ki, Baş nazir çıxışında ATƏT-in Minsk qrupunun buraxılması məsələsinin sülh müqaviləsi ilə eyni vaxtda həll edilməli olduğunu bildirir:
“Bu, kifayət qədər ciddi və diqqətçəkən bir yanaşmadır. Doğrudur, Paşinyanın “Facebook” paylaşımında müəyyən pozitiv məqamlar olsa da, terminlər üzərində manipulyasiya cəhdləri də hiss olunur. Bütün hallarda Paşinyan anlayır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesi sonsuzadək uzadıla bilməz. Bu məsələyə nöqtə qoymaq üçün konkret addımlar atılmalıdır. Bu addımlardan biri də Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlıdır. Paşinyan bu məsələni Konstitusiya Məhkəməsinə yönəltmək və onun rəyinə əsaslanaraq parlamentdə müvafiq təkliflər vermək niyyətindədir. Bu, şübhəsiz ki, geniş müzakirələrə səbəb olacaq”.
“Eyni zamanda, Paşinyanın “Azərbaycanla Ermənistan arasında sülh olmasa, hər iki xalqa ancaq müharibə qalır” fikri də diqqətçəkəndir. Vaxtilə “Qarabağ Ermənistandır” deyən bir şəxsin indi tamamilə fərqli prizmadan çıxış etməsi maraqlı məqamdır. Bütün hallarda Paşinyanın bu davranışlarını həm beynəlxalq, həm də daxili vəziyyətlə əlaqələndirmək daha doğru olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov