Paşinyan Karapetyan və Katolikosu HƏDƏFƏ ALDI – Gündəmdə iki “təhlükə” VAR
Ermənistan hakimiyyəti – əsasən də Nikol Paşinyan hazırda bütün dövlət aparatını iş adamı Samvel Karapetyana və onun ailəsinə zərər vermək prosesinə yönəldib.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Paşinyan hökuməti eyni zamanda Katolikosun (bütün erməni kilsəsinin rəhbəri – red) vəzifədən uzaqlaşdırılması məsələsi ilə məşğuldur.
Qəzetin hakimiyyətə yaxın mənbələrinin verdiyi məlumata görə, Nikol Paşinyanın Katolikosu dəyişmək barədə qərarı gündəlikdən çıxmayacaq. Mənbələrə görə, bu proses davam edir və daxili bütün müzakirələrdə bu məsələ gündəmdə qalır. Paşinyan komandasına bəyan edib ki, əslində, artıq parlament seçkilərinin startı verilib və onlar hakimiyyəti əllərindən almaq niyyəti olan hər kəsi aradan götürməlidirlər.
Hazırda onların gündəmində iki əsas məsələ var: əvvəlcə Samvel Karapetyanı sıradan çıxarmaq, daha sonra isə uzun çəkə biləcək Katolikosun vəzifədən uzaqlaşdırılması prosesinə başlamaq.
Rafi Müslümov