Paşinyan keçmiş prezidentləri İFŞA ETDİ – Qarabağla bağlı elə şey dedi ki...
“Nikol Paşinyan Ermənistan ictimaiyyəti ilə reallığı tanış edir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistann eks-prezidentləri Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryanı Ermənistanın gənclərini ölümə tərk edib öz övladlarını gizlətməkdə günahlandırmasını şərh edib.
Müsahibimiz bildirib ki, Paşinyan Ermənistan reallığı ilə cəmiyyəti tanış edir:
“Ermənistanın Baş naziri Paşinyan 2018-ci ildə hakimiyyətə gələn zaman əvvəlki xələflərindən ona çox ağır bir miras qalmışdı. Bu gün Paşinyan məhz onlar haqqında danışarkən Ermənistanın faciələrinin səbəbkarı kimi onları göstərir. Bura daxildir Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan. Həqiqətən də, bu 3 hərbi cinayətkar və terrorçu həm öz xalqlarını terrora məruz qoydular, həm də işğalçılıq siyasəti yeridərək Azərbaycan xalqına qarşı hərbi cinayətlər, soyqırımı törətdilər. Amma şübhəsiz ki, onlar öz layiqli cəzalarına çatdılar və bundan sonra da bir qisim hərbi cinayətkarlar da Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər”.
H. Babaoğlu sözügedən 3 müharibə qatilinin birbaşa Ermənistanda hərbi mühakimə edilməsi gərəkdiyini Paşinyanın diqqətinə çatdırıb:
“Paşinyanın açıqlaması isə həm də sadə ermənilərə qarşı cinayət törətmiş 3 eks-prezidenti Ermənistanın ictimaiyyətinə təqdim edib. Həqiqətən də onlar həm də ermənilərin faciəsinin səbəbkarlarıdır. Qəhrəman Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad edərkən ermənilərə elə bir tarixi dərs verib ki, onlar Cənubi Qafqaza köç edəndən bəri heç vaxt belə dərs görməmişdilər. Bu gün belə bir vəziyyətdə Ermənistan cəmiyyəti obyektiv reallığı öyrənmək istəyirsə, mənə elə gəlir ki, bu gerçəkliyin reseptini Paşinyan doğru təqdim edib. Əgər həqiqətən də Ermənistanda sülh istəyənlər varsa, bu ilk növbədə 3 eks-prezidentin xalqın iradəsi ilə mühakiməsi üçün tələb irəli sürsünlər və onların cəzalandırılmasına nail olsunlar”.
Nurlan Cəfəri