“Azərbaycan Qərb və Rusiya ilə münasibətləri taraz saxlamalıdır”.
Bu sözləri Azərbaycanın apardığı xarici siyasət, sülh danışıqları və regiondakı vəziyyəti Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə əlaqələri daha da sıxlaşdırılmalıdır:
“44 günlük müharibə və sonrakı dönəmlərdə bütün dünyada Azərbaycanla Türkiyə ortaq şəkildə hərəkət edirdi. Azərbaycanın danışan dili, üzərimizə gələn təhdidləri Türkiyə dəf edirdi. Sahədə döyüşən isə Azərbaycan ordusu idi. Hazırda geopolitik vəziyyət dəyişib. Türkiyə-Azərbaycan birliyi nəticəsində Ermənistan Azərbaycandan qorxurdu, təhdid edirdik, ehtiyat edirdilər. Bu müddətdə Nikol Paşinyan Avropa institutları ilə daha sıx əlaqə qurdu. Ermənistan bir qədər özünə gəlib. Azərbaycanın Qərb institutları ilə körpüləri yandırması Paşinyanın əl-qolunu bir qədər açıb. Türkiyənin Azərbaycanda hərbi bazasının olmasının tərəfdarıyam. Azərbaycanla Türkiyə bir millət, iki dövlətdən, bir millət, bir dövlətə getməlidir”.
Müstəqil siyasətçi əmindir ki, Paşinyanın danışıq ritorikası məğlub olmuş ölkənin yox, revanş götürmək istəyən ölkənin rəhbəri kimi çıxış edir:
“Azərbaycanla Türkiyə münasibətlərində çatlar yaranarsa, Azərbaycan üçün təhlükə arta bilər. Putin Qafqaza girmək üçün unikal şans axtarışındadır. Bunun necə edəcəyini düşünür. Ona görə də Azərbaycan ayıq-sayıq olmalı, Qərb və Rusiya ilə münasibətləri taraz saxlamalı, haqlı olduğu mövqeyi diktə edib, istədiyini almalıdır. Artıq erməni tərəfi cümhuriyyətə varislik və Qərbi Azərbaycanla bağlı şərtlər qoyur. Bunlar olmamalı, Azərbaycanın siyasəti sabitləşməlidir. Türkiyə ilə əlaqələr daha çox sıxlaşdırılmalıdır. Bundan əlavə, Qərb institutları ilə münasibətləri də taraz saxlamalıyıq”.
Səxavət Məmməd
www.yenicag.az