“Hökumət sərhədlərin qorunmasındakı boşluqları ordu vasitəsilə doldurmağa çalışır”.
Bu fikirləri Ermənistanda hərbi qulluqçuların vəzifələrinə dair qanunvericiliyə təklif edilən məhdudlaşdırıcı dəyişikliklərin Baş nazir Nikol Paşinyanın ölkədə çevriliş riskini aradan qaldırmaq niyyəti ilə bağlı olduğuna dair iddialara münasibət bildirən politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Paşinyana ünvanlanan tənqidlərin əsas qismi ordudan sərhəd qoşunları qismində istifadə olunması ilə bağlıdır:
“Bəli, Ermənistanda hərbi qulluqçuların vəzifələrinə dair qanunvericiliyə müəyyən dəyişikliklər olunması gözlənilir və bu məsələnin parlamentdə gələn həftə müzakirəyə çıxarılması planlaşdırılır.
Bununla belə, nəzərdə tutulan dəyişiklikləri hərbi çevriliş ehtimalı ilə əlaqələndirənlərin sayı elə də çox deyil. Mətbuatda da bu məsələyə daha çox başqa prizmadan yanaşılır.
Qeyd olunan çərçivədə hökumətə ünvanlanan əsas tənqid budur ki, Paşinyan ordunun əsas hissəsindən sərhəd qoşunları kimi istifadə etməklə ölkənin müdafiəsini risk altına alır.
Bildiyiniz kimi, hazırda Ermənistan sərhədləri, əsasən, Rusiya hərbçiləri tərəfindən qorunur. Lakin onların yerləşdirilməsində fasiləsiz məsafə qaydalarına əməl edilməyib. Ona görə də hökumət həmin boşluqları ordu vasitəsilə doldurmağa çalışır. Bu isə müəyyən tənqidlərə yol açır. Amma hərbi çevriliş ehtimalı hələ ki o qədər ciddi qarşılanmır”.
A.Zeynalov
www.yenicag.az