Paşinyanın “kilsə savaşı” DAVAM EDİR – Ermənilər ayağa QALXDI
Artıq uzun müddətdir ki, Nikol Paşinyan və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası Ermənistan Apostol Kilsəsinə qarşı açıq müharibə elan edib. Ötən həftə bu hücumlar demək olar ki, fasiləsiz şəkildə davam edib. Paşinyan sosial şəbəkələrdə kilsəyə qarşı ardıcıl paylaşımlar edib və hüquqşünasların qeyd etdiyi kimi, Konstitusiyaya zidd çağırışlarla çıxış edərək, o cümlədən katolikosun yenidən seçilməsi və kilsəyə qarşı qeyri-qanuni strukturların yaradılması ideyasını irəli sürüb.
Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.
Erməni nəşri yazır ki, diqqətçəkən məqam isə bu kampaniyanın maraqlı bir “təsadüf” fonunda getməsidir. Buna baxmayaraq, Ermənistan cəmiyyəti milli dəyərlərə, o cümlədən Kilsəyə qarşı yönəlmiş bu hücumlara sərt müqavimət göstərir. Maraqlı bir məqam da odur ki, bu məsələdə müxtəlif ictimai hərəkatlar və siyasi qüvvələr vahid mövqe sərgiləyirlər. Məlumata görə, bu birliyin özü Paşinyanı narahat edib. Məsələn, “Hayakve” adlı milli vətəndaş birliyi Müqəddəs Eçmiədzin ərazisində növbətçilik aksiyasına başlayaraq “Kilsəni təhqir edənlərin müdaxiləsindən qorumağı” hədəfləyib. Katolikosun “Zvartnots” hava limanında qarşılanması da diqqətçəkici olub. Burada təkcə izdiham yox, həm də “Hayakve”, “Hayastan” bloku, “Vətən” partiyası kimi müxtəlif siyasi qüvvələrin iştirakı ilə cəmiyyətə bir mesaj verilib: Kilsə birləşdirici gücə çevrilə bilər.
“Hayakve” birliyinin koordinatoru Avetik Çalabyan bildirib ki, təşkilat həm də Kilsənin müdafiəsinə yönəlmiş ümummilli ictimai orqan yaradılmasını təklif edir:
“Biz bir gündəmlə məsləhətləşmələrə başlamağı təklif edirik. Ermənistanda dini azadlıqların və Erməni Kilsəsinin müdafiəsi üçün ümummilli ictimai bir qurum yaradılsın. Bu qurumun məqsədi vicdan azadlığının pozulmasını ifşa və neytrallaşdırmaq, Paşinyanın Kilsəni dağıtmağa yönəlmiş fəaliyyətini dayandırmaq və potensial vətəndaş qarşıdurmasının qarşısını almaq olmalıdır”.
Əldə etdiyimiz məlumatlara görə, Paşinyan hazırda ciddi dilemmanın qarşısındadır. Cəmiyyətin, ictimai və siyasi təşkilatların bu qədər qətiyyətli və həmrəy şəkildə Kilsənin yanında dayanması onu seçim qarşısında qoyub: ya daha da irəli gedərək Konstitusiyanı və qanunları daha açıq şəkildə pozacaq, ya da bu mübarizədə məğlubiyyətini qəbul edərək geri çəkiləcək – bəlkə də yalnız hakimiyyətdən deyil.
Rafi Müslümov