“Dmitri Peskova görə təyyarə qəzasının ilkin hesabatı yetərli deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.
Deputat Kremlin sözçüsünün qəzaya uğramış təyyarənin ilkin hesabatına şərhi barədə danışıb:
“Mediada Dmitri Peskovun qəzaya uğrayan təyyarənin “qara qutu”sunun ilkin nəticələrini şərh verməkdən imtina edib kimi qələmə verirlər, amma, əslində, diqqətlə qulaq asdıqda, görə bilirik ki, Peskov cavab verib. Cavab 2 vacib elementi özündə birləşdirir: birinci cavab bundan ibarətdir ki, o deyir, istintaq gedir və istintaqın nəticələri hələ tam bəlli deyil. Verilən ilkin hesabat istintaqın aparılması üçün vacib sənəd hesab olunur. Qısacası, o istintaqın aparıldığını xüsusilə qeyd edir. İkinci vacib məqam isə ondan ibarətdir ki, ilkin hesabatda yer alan müddəaların sonrakı mərhələdə aviasiya qurumları (Rusiya Federasiyasına məxsus aviasiya qurumları – red.) tərəfindən dəyərləndirildikdən sonra buna dair fikir bildirmək olar. Bu 2 vacib nüans Dmitri Peskovun şərhində yer alıb”.
“Əgər məsələyə hüquqi nöqtədən yanaşsaq, ilkin hesabat var və bununla bağlı nəyisə şərh edə bilərdi, amma bu, yenə də fərziyyələr olacaqdı. İlkin hesabatla tanış olduqda, görürük ki, bu hesabat hansısa sübutları, dəlilləri gətirir, amma hansısa nəticəni göstərmir. Məsələn, təyyarəyə dəyən qəlpələri göstərir, lakin hansı raket növünə aid ola biləcəyi ilə bağlı fikir söylənilmir. Bunun cavabını da digər strukturlar verməlidir. Eyni zamanda, istintaq qrupu, kriminalistlər təyin etməlidir ki, bu qəlpələr hansı raket növünə aiddir”, – deyə o, söyləyib.
Millət vəkili qeyd edib ki, rəsmi qeyd edilməsə də, bu qəlpələrin “Pantsir-S” raketinə aid olduğu bəllidir:
“İlk baxışdan rəsmi olmasa belə, bu qəlpələrin “Pantsir-S” raket kompleksinin atdığı raketlərin mərmilərindən çıxan qəlpələrə bənzəyir. Çünki o raket növündən yalnız dronlara qarşı istifadə edirlər. İlkin hesabat buna dair cavab vermədiyi üçün bu da fərziyyə olaraq qalır. Peskov da bu məsələyə xüsusilə diqqət çəkir və burada fərziyyələr yox, dəqiq və təsdiqini tapmış məsələlərə münasibət bildirə bilər ki, ilkin hesabatda yer almış müddəalar onun tərəfindən şərh edilməsi üçün kifayət deyil. Düşünürəm ki, digər strukturlar bununla bağlı daha aydın fikir bildirə bilərlər”.
Nurlan Cəfəri
www.yenicag.az