Pişik 12 il sonra sahibəsinin yanına qayıtdı
Böyük Britaniyada “Tobi” adlı pişik 12 ildən sonra sahibəsi Cemme Lafın yanına qayıdıb. 2002-ci ildə Tobi itəndə Laf onu yenidən görmək ümidini tamamilə kəsib.
Bu 12 il ərzində Laf ərə gedib və Tobi ilə birlikdə yaşadığı evindən 112 km məsafədə yerləşən yeni evinə köçüb.
Tobinin tapılması xəbərini isə ona baytar zəng vuraraq deyib. Baytar 16 yaşlı pişiyi tapdığını deyəndə britaniyalı xanım çox təəccüblənib.
Məlum olub ki, son iki ay ərzində Tobi reabilitasiya klinikası ərazisində yaşayıb. Bu tibbi mərkəzdə işləyən könüllülərdən biri Tobini evsiz kimi qəbul edib və onu baytar yanına aparıb. Xoşbəxtlikdən Laf köçdükdən sonra öz ünvanı haqda məlumatı yeniləyib. Ona görə də Tobinin mikroçipində sahibəsinin ünvanı yenilənib.
“Mən istərdim ki, o, mənə haralarda olduğunu danışa bilsin. Onun pəncələri ağ idi, indi isə bozumtul olub. Təxmin etmək olar ki, o, küçələrdə yaşayıb. Mən telefon zənginə inana bilmirdim”, – deyə Laf bildirib.