Paşinyanın sələfindən fərqlənəcəyi şübhəsizdir. Ən mühüm fərq isə ondan ibarətdir ki, Paşinyan hələ hakimiyyətdə deyil.
Bunu Yenicag.ru-ya son günlər dünya gündəmində baş verən prosesləri şərh edərkən gürcü politoloq, beynəlxalq siyasi məsələlər üzrə ekspert Gela Vasadze deyib.
Ekspert qeyd edib ki, Paşinyan baş nazir kürsüsünü ələ keçirdi, hakimiyyəti isə əldə etmədi. Onun real hakimiyyət əldə edə bilib – bilməyəcəyini zaman göstərəcək. Əgər hakimiyyəti qazansa, onun Sarkisyandan nə ilə fərqləndiyini demək mümkün olacaq.
İvanişvilinin böyük siyasətə qayıtmasına dair də fikirlərini bölüşdürən ekspert qeyd edib ki, İvanişvili əslində heç hara qayıtmır, çünki həmişə burada olub. Ona görə də, Gürcüstanın xarici siyasət kursunda heç bir dəyişiklik olmayacaq. Xüsusilə də, hazırki vəziyyətdə. Ekspertin fikrincə,regionda mövcud vəziyyət Moskva və Vaşinqtonu tam qane edir. Çünki, bir tərəfdən Gürcüstan qərbyönümlü ölkədi, digər tərəfdən Rusiya ilə əlaqələrini korlamamağa çalışır.
Politoloq qeyd edib ki, ABŞ İranla nüvə anlaşmasından çıxdıqdan sonra İran ətrafında vəziyyət gərginləşəcək. Burada söhbət sadəcə İranda nüvə silahının meydana gəlməsindən getmir. İranın Suriya və Livanda iştirakı ABŞ və İsraili narahat edir. Bu yaxınlarda “hizbulla” yenidən Livanda seçkilərdə qalib gəldi, bu isə əlbəttə ki, İsraili narahat etməyə bilməz. “İsrail hökuməti təhlükəsizlik problemlərini həll edərkən özünü çox aqressiv və dimanik aparacaq ki, bu da Suriya münaqişəsində öz əksini tapacaq. Demək ki, Suriya münaqişəsinin yenidən formatının dəyişməsinin astanasında dayanmışıq. Yəqin ki, gələcəkdə bu münaqişənin strukturu dəyişdikdən sonra Moskva-Ankara-Tehran üçbucağı və ABŞ öz tərəfdaşlarıyla birlikdə çalışmağı dayandıracaqlar. Lakin bu barədə danışmaq üçün hələ tezdir”-deyə politoloq əlavə edib.
www.yenicag.az